Bank mütəxəssisləri işsiz qalacaq?

11:50 27.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yaxın 3-4 il ərzində insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemləri fəaliyyətə başlayacaq. Bunu Maliyyə Monitorinq Xidmətinin nəzarət və hüquq-mühafizə orqanları ilə iş üzrə departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, ölkəmizdə rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq: “Azərbaycanın maliyyə sektoru texnoloji həllərin, machine learing (ML) və blokceyn texnologiyalarının tətbiqi, eləcə də mövcud risk idarəetmə sistemlərinə inteqrasiyası ilə yaxın gələcəkdə (3-4 ildə) insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemlərinə sahib olacaq.

Eyni zamanda, ölkəmizdə rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq. Bu bankçılıqda ənənəvi bankçılıqla müqayisədə risklər kifayət qədər aşağı olacaq. Bununla da maliyyə sektorunun bütövlüyü və təhlükəsizliyi də qorunacaq. Təxmini arzu etdiyim sistem budur. Tənzimləyicilər olaraq da bunun fərqindəyik. Hesab edirik ki, istər elektron pul, istərsə də ödəniş təşkilatları risklərin ölçülməsində maraqlı olmalıdır".

Bəs, görəsən, bu sistemə keçid bank sektorunda kütləvi ixtisarlara gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, bu addım banklarda işçilərin ixtisarına səbəb olacaq: “Bu gün təkcə bank sahəsində deyil, digər sahələrdə də yeni həllərin tətbiqi istiqamətində addımlar atılır. Əslində bank sektorunda bu proses 20 ilə yaxın bir müddətdir ki, gedir. Bankomatların istifadəyə verilməsi və ilbəil sayının artırılması bunun əyani sübutudur. Və yaxud son illər bank kartlarının sayının kəskin şəkildə artdığını müşahidə edirik. Bu addımlar ona gətirib çıxardı ki, banklarda əməliyyatçıların, kassirlərin sayı əhəmiyyətli dərəcədə azaldıldı. Yəni, proses gedir və gələcəkdə bu sahədə daha çox işçilərin ixtisar olunduğunun şahidi olacağıq”.

Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qeyd edir ki, rəqəmsal bank gələcək dövrün tələbidir: “Bu gün dünyada banklar şöbəsiz, filialsız olaraq fəaliyyət göstərir. Yəni yeni açılan bankların əksəriyyəti bu şəkildə açılır. Bankların bu şəkildə fəaliyyəti, təbii ki, müəyyən sayda işçilərin ixtisarı deməkdir. Bu addım ümumilikdə bank sektorunun insanlara xidmətinin effektivliyini artırmış olacaq. Ucqar bölgələrdə belə insanlar rahat şəkildə banklardan istifadə imkanı qazanacaqlar. Bank sektorunun inkişafında əsas hədəf işçini işində saxlamaq deyil, daha yaxşı xidmət göstərməkdir. İşçiləri işində saxlamaq hədəf olduğu zaman hansısa şöbələrdə insanlar növbə gözləməli olacaqlar. Bu da öz növbəsində ucqar ərazilərdə müəyyən çətinlik yaradacaq. Əgər insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemləri fəaliyyətə başlayarsa, bu istənilən ucqar bir yerdə, hətta dağın başında belə bank xidmətinə asan şəkildə çıxış imkanı yaradacaq”.

Onun sözlərinə görə, rəqəmsal bankçılığın inkişafı daha çox bu sahədə sənədləşmə işləri aparan şəxslərin ixtisarı ilə nəticələnəcək.

Oxunma sayı 97