Bank sektorumuz niyə zəif inkişaf edir?

11:34 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Fitch Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın bank sektorunun mövcud vəziyyətini açıqlayıb. Sözügedən qurumun rəyində bildirilir ki, Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşsa da, lakin bu sektor kifayət qədər zəif olaraq qalır.

“Fitch” qeyd edib ki, Azərbaycanın bank sektorunda vaxtıkeçmiş borc əmsalı 2023-cü ildə rekord – minimum səviyyəyə enərək, ümumi kredit portfelinin 1,8 faizini (2022-ci ilin sonunda 2,9 faiz) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi dəstəkləyib.

“Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun birincidərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilidə 13,5 faiz (2022-ci ilin sonunda 15,2 faiz) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəlirliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb”, – “Fitch” qeyd edib.

Agentlik, həmçinin əlavə edib ki, depozitlərin dollarlaşması 2023-cü ildə 40 faizdən aşağı düşərək, 35 faizlik tarixi orta səviyyəyə yaxınlaşıb, 2023-cü ilin sonunda xarici valyutada olan kreditlər ümumi portfelin 19 faizinə (2022-ci ilin sonunda 20 faiz) düşüb.

Bəs görəsən, agentlik niyə bank sektorumuzun zəif olduğunu düşünür? Bank sektorumuzu beynəlxalq səviyyəyə çatdırdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli qəzetimizə açıqlamasında bildirib ki, bank sektorumuz ümumi şəkildə zəifdir: “Son illərdə Azərbaycanda bank sektorunun güclənməsinin səbəblərindən biri 2015-ci ildən sonra maliyyə stabilliyinin yaradılması və manatın məzənnəsinin dollara nisbətdə sabit saxlanması ilə əlaqədardır. Bu dövrdə iqtisadiyyatın inkişaf etməsi, əhalinin gəlirlərinin artması bank sektorunun da güclənməsinə gətirib çıxarıb. Amma ümumi şəkildə yanaşsaq, bəli, bank sektorumuz hələ zəifdir. Təbii ki, bank sisteminin zəif olmasının bir sıra səbəbləri var. Əsas səbəblər idarəetmə, rəqabət və  iqtisadiyyatın strukturu ilə bağlıdır. Digər səbəb odur ki, Azərbaycanda bank sektorunda xaricikapitallı bankların iştirak səviyyəsi aşağıdır. Azərbaycan bazarında xaricikapitallı bank çox azdır və nüfuzlu banklar aktiv deyil. Bu da rəqabətin aşağı səviyyədə olmasına gətirib çıxarır. Rəqabət zəif olanda banklar da güclü ola bilmir”.

İqtisadçı bildirir ki, bank sektorunda rəqabət səviyyəsini aşağı salan əsas faktor Azərbaycanda bankların bir çoxunun ya dövlət bankı olması, ya da məmur biznesinə bağlılığıdır: “Kapital bazarında inkişafın aşağı səviyyədə olması da bankların inkişafına məhdudiyyətlər qoyur. Ümumiləşdirmə aparsaq, bazar məhduddur və bölünüb. Bu da bankların rəqabət aparmasına imkan vermir”.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının strukturu da bank sektorunun güclənməsinə təsir göstərir: “Bank sektorunun inkişafı həm də Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələdir. Azərbaycan iqtisadiyyatının özü zəif olduğuna görə bank sektoru da zəifdir. Çox eşitmisiniz ki, Azərbaycan iqtisadiyyatı güclüdür, bu qədər ehtiyatımız var və s. Onların hamısı neft, qaz satışı ilə əlaqədar məsələdir. Yəni bu da dövlətin əlində formalaşmış resurslardır. Qeyri-neft sektoru zəif inkişaf etməsi, qeyri-neft ixracının zəif inkişaf etməsi bank sektorunun  güclü olmamasına gətirib çıxarır. Əslində maliyyə sektoru real iqtisadiyyatın əks təsiridir. Real iqtisadiyyat güclü olmayandan sonra maliyyə sektorunun güclü olmasından, ümumiyyətlə, danışmaq mümkün deyil. Bu baxımdan Azərbaycanda banklar ciddi şoklara hazır deyillər, ciddi rezervləri, ehtiyatları yoxdur. Bütün məsələlər bununla əlaqədardır. Bu da ona gətirib çıxarır ki, bank sektorunda həddən artıq asılılıq var, kövrəklik var, zəiflik var. Bank sektoru ölkədə qeyri-neft sektorunun zəif inkişaf etməsi səbəbindən zəif olaraq qalır”.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da deyib ki, Azərbaycanın bank sektoru iqtisadiyyatımız kimi, əsasən, neft gəlirlərindən asılıdır: “Azərbaycanda iqtisadiyyatın digər sahələri kifayət qədər inkişaf etməyib. Bizdə hansı sahəyə baxırsan əsas oyunçular, yəni sahibkarlar dövlət sektoruna bağlıdırlar. Dövlətin də əsas gəliri neftdəndir. Bu o deməkdir ki, bank sektorunda qeyri-sabitlikdir. Bu da bank sistemi üçün təhlükədir. 2015-ci ildə neftin qiyməti kəskin düşəndə, milli valyutamızda devalvasiya olanda gördük ki, Azərbaycanın bank sistemi çox zəifdir”.

Ekspert bildirir ki, son vaxtlar bank sektorunun güclənməsinin bir sıra səbəbləri var: “Dünya bazarında neftin və qazın qiyməti qalxıb, Rusiya Ukrayna ilə müharibədədir, dünyada enerji böhranıdır. O cümlədən bizim valyuta ehtiyatlarımız artıb və bunun hesabına Azərbaycan iqtisadiyyatına əlavə pul gəlib. Dövlət sektoru böyük vəsaitlər xərcləyir. Bundan özəl sektor da vəsait götürür. Bu puldan bank sektoruna düşür və onlar da güclənir. Bu, təbii ki, əhaliyə də müsbət təsir edir. Vətəndaş maaş alır, əməkhaqqına güvənib kreditlər götürür və banklar yenə fəallaşmağa başlayırlar. Amma təəssüf ki, hazırda Azərbaycanda şaxələnmiş bank sektoru yoxdur. Eyni zamanda, bank sektorunda müəyyən boşluqlar da mövcuddur”.

 

Oxunma sayı 138