Bankların “qara siyahısı”ndan necə çıxmaq olar - MÜZAKİRƏ

11:50 17.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

 

Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyadan sonra böyük çətinliklərlə üzləşən on minlərlə bank müştərisinin kredit tarixçəsi korlanıb. Təcrübə göstərir ki, əksər hallarda, mənfi kredit tarixçəsinə malik şəxs kredit almaq üçün müraciət etdikdə, maliyyə vəziyyəti düzəlmiş olsa belə bank tərəfindən şəxsin bu müraciətinə rədd cavabı verilir. Hal-hazırda bu xoşagəlməz vəziyyət ən çox qeydə alınan faktlardan biridir. Lakin bütün bunlara baxmayaraq, mənfi kredit tarixçəsinə malik olan şəxs də bankdan kredit götürmək hüququna malikdir.

Maraqlıdır, vətəndaş korlanmış kredit tarixçəsini necə yaxşılaşdıra bilər? Hazırda kredit tarixçəsi korlanmış bank müştərilərinin sayı nə qədərdir? Kredit tarixçəsinin korlanması barədə məlumatlar müvafiq reystrdə neçə müddətə qədər saxlanılır?

Məsələni hafta.az-a şərh edən bank məsələri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşın problemli krediti həll olunsa da, bu hal onun kredit tarixçəsində hər zaman qalacaq:

“Bu o deməkdir ki, həmin şəxsin problemli krediti olub və tarixçədə də görünəcək ki, bu problem həll olunub. Mənfi kredit tarixçəsi əslində banklara qanunla qadağan etmir ki, yeni kredit versinlər. Sadəcə banklar həmin problemləri görərək müştəriyə kredit verməkdən qorxur. Devalvasiyadan sonra problemli krediti yaranan və kredit tarixçəsi korlanan şəxsin tarixçəsində bu problem hər zaman görünəcək və banklar biləcək ki, bu şəxs nə vaxtsa bankın pulunu vaxtında ödəməyib. Banklar üçün bu, özü məlumatdır. Gecikmələrin isə devalvasiya ilə bağlı olub-olmamasının heç bir aidiyyəti yoxdur. Fakt odur ki, müştərinin gecikməsi var. Həmin müştəriyə hansı formada yanaşılacağı isə hər bir bankın və ya bank olmayan kredit təşkilatının özündən asılı olan məsələdir. Onlar istəsələr belə müştərilərə kredit verərlər, istəməsələr verməzlər. Bəziləri deyirlər ki, kredit tarixçəsini dəyişmək olarmı? Əlbəttə ki, olmaz. Çünki artıq bu tarixdir. Amma bankların həmin müştərilərə qarşı münasibətini dəyişmək mümkündür. Bunun yeganə yolu banklardan kiçik həcmli kredit götürüb, müqabilində girov qoyulmasıdır. Tutaq ki, şəxs 10 min manatlıq kredit götürüb, əvəzində 100 min manatlıq evini girov kimi qoya bilər. Yaxud 500-1000 manatlıq kredit götürürsən, sənə elə bir şəxs zamin durur ki, onun maaşı 2-3 min manatdır. Yəni, bu halda bank artıq tarixçəsi korlanmış müştəriyə kredit verəcək. Nəticədə vətəndaşın kredit tarixçəsi yaxşılaşacaq və artıq başqa banklardan rahat şəkildə kredit əldə etmək mümkün olacaq”.

Ekspert vurğulayıb ki, hazırda maliyyə vəziyyətinin düzəlməsinə baxmayaraq kredit tarixçəsi korlandığı üçün banklardan kredit əldə edə bilməyən insanların sayı həddindən artıq çoxdur: “Bununla bağlı mənə də çoxsaylı müraciətlər daxil olur. Düzdür, həmin şəxslərin sayı barədə konkret rəqəm demək çətindir. Amma deyə bilərəm ki, sayları həddindən artıq çoxdur. Hətta mən insanlar tanıyıram ki, onlar aldanıblar. Belə ki, devalvasiya zamanı bəzi banklar müştərilərə bildiriblər ki, siz kreditinizi dolların köhnə kursu ilə ödəsəniz belə, sənədlərdə gecikmə qeyd olunmayacaq. Əksər vətəndaşlar da ödənişi devalvasiyadan əvvəlki kursa uyğun yerinə yetiriblər. Amma banklar verdikləri vədə əməl etməyiblər, sənədlərdə gecikmə kimi qeydiyyat aparıblar. Vətəndaş bundan təkrar hansısa banka kredit üçün müraciət edəndə xəbər tutub. Yəni, belə hallar da olur. Hər bir halda vətəndaş kredit tarixçəsini yaxşılaşdırmaq istəyirsə, ilk növbədə banklara kiçik həcmli kreditlər üçün müraciət etməlidir”.