Bazarda payı artan Çin avtomobilləri  

11:33 12.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) ölkələri noyabrda Çindən idxal edilən elektromobillərə rüsumların tətbiqini dəstəkləyə bilər. Bu barədə "Financial Times" Aİ-nin ticarət komissarı Valdis Dombrovskisə istinadən yazıb. Onun sözlərinə görə, Aİ ölkələri blokun avtomobil sənayesinin qorunmasının zəruriliyini dərk edir, çünki Çinin elektrik avtomobil bazarındakı payı çox sürətlə artır. Bu, həlli vacib olan problemdir.

O qeyd edib ki, Çin Xalq Respublikası Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşıdır və blok onunla əməkdaşlıqda maraqlıdır, lakin ikitərəfli ticarət münasibətlərini "qeyri-balanslaşdırılmış" adlandırıb.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmisi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirmişdi ki, AK Çindən idxal edilən elektrik avtomobillərinə rüsum tətbiq etmək niyyətində deyil, bu addım isə Çin hökumətinin subsidiyaları səbəbindən Çin və Avropada istehsalçılar arasında yaranmış ədalətsiz vəziyyətdə balansın yaradılmasına yönəlib.

Avropa Komissiyası bildirir ki, istehsalçıdan asılı olaraq rüsumlar 17,4 faizdən 37,6 faizə qədər olacaq. Üç Çin istehsalçısına aşağıdakı rüsumlar tətbiq ediləcək: BYD - 17,4 faiz, Geely - 19,9 faiz, SAIC - 37,6 faiz. Bundan əlavə, Avropa Komissiyasının bildirdiyinə görə, araşdırma zamanı əməkdaşlıq edən, lakin seçimə daxil edilməyən digər elektromobil istehsalçılarına 20,8 faiz, araşdırma zamanı əməkdaşlıq etməyən şirkətlərə isə 37,6 faiz rüsum tətbiq olunacaq. Bir istehsalçı - ABŞ-ın "Tesla" şirkəti Avropa İttifaqından Çindən idxal etdiyi elektromobillər üçün fərdi idxal rüsumu dərəcəsinin hesablanmasını xahiş edib, bu dərəcə daha sonra hesablanacaq.

Qeyd edək ki, son illər Azərbaycana idxal olunan elektromobillərin sayında da artım müşahidə olunur. Bu avtomobillər ölkəyə güzəştli şərtlərlə gətirilir və gömrük rüsumundan azaddırlar. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Araşdırmalar göstərir ki, hazırda Azərbaycana idxal edilən elektromobillərin çoxu məhz Çindən gətirilir. 2023-cü ilin statistikasına görə, ötən il ölkəmizə idxal edilən elektromobillərin 2250 ədədi (79,357 milyon dollar) Çindən, 255 ədədi (22,959 milyon dollar) Almaniyadan, 132 ədədi (4 milyon dollar) ABŞ-dən, 33 ədədi (1,332 milyon dollar) Cənubi Koreyadan, 28 ədədi (393 min dollar) Yaponiyadan, 17 ədədi (1,164 milyon dollar) Belçikadan alınıb. Yaponiyadan və ABŞ-dən gətirilən elektromobillər arasında “ikinci əl” maşınlar üstünlük təşkil edir. Buna görə də onların qiymətləri nisbətən aşağıdır. Digərləri, o cümlədən Çindən idxal edilən avtomobillər isə əsasən yürüş məsafəsi sıfır kilometr olan avtomobillərdir. Qiymətlərə baxdıqda görürük ki, hər avtomobilin öz qiyməti olur. Qiymətin formalaşmasında modelinin də rolu çoxdur. Ən ucuz hibrid avtomobil 17-18 min dollardır. Bahalıların qiyməti də 35 min dollardan başlayır. “Birinci əl” elektromobillər arasında ən ucuzları Çin istehsalı olan maşınlardır. Bu ölkədən idxal edilən avtomobillərin orta qiyməti 35,2 min dollardır. Burada bir incə məqam da nəzərə alınmalıdır. Çindən idxal edilən avtomobillər arasında yerli şirkətlərlə bərabər dünyanın tanınmış avtomobil şirkətlərinin istehsal etdiyi elektromobillər də var. Sözügedən məkan dünyada ən çox avtomobil istehsal edən ölkədir və son illərdə elektromobil istehsalında da daha böyük nəticələr əldə edib. İndi demək olar ki, bütün tanınmış avtomobil şirkətləri bu ölkədə elektromobil istehsalı ilə məşğul olur.

Çin Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, 2023-cü ildə burada yerli avtomobillərin ixracı rekord həddə - 5,26 milyon ədədə çatıb. Ölkə daxili bazarı da daxil olmaqla, satılan maşınların sayı isə 25,5 milyona bərabər olub. Nəticədə Çin Yaponiya, Almaniya və Cənubi Koreyanı qabaqlayaraq əsas dünya ixracatçısı adını qazanmağa müvəffəq olub. Yüksək göstəricinin əsas hərəkətverici qüvvəsi, Rusiyanın Çindən avtomobil idxalını 2022-ci illə müqayisədə ən azı 5 dəfə - 800 min ədədə qədər artırmasıdır.Sanksiyalar və geosiyasi gərginlik fonunda, Çin istehsalçıları bazardan getmək məcburiyyətində qalan rəqiblərinin yerini tutublar.

Bəs, görəsən, Azərbaycan yerli bazarda rəqabəti qorumaq məqsədilə Çində istehsal olunan elektromobillərə gömrük rüsumu tətbiq edə bilərmi? Ümumiyyətlə, Çin elektromobillərinin keyfiyyət göstəriciləri hansı səviyyədədir? 

Məsələni qəzetimizə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, Çinlə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq mövcuddur: “Məlum olduğu kimi, ötən ay Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikası Prezidenti arasında görüş baş tutub. Həmin görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bu bəyannamə Çin və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Həmin sənəddə nəqliyyat vasitələrinə dair bənd də yer alıb. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Yəni, iki ölkə arasında çoxşaxəli siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Bu baxımdan düşünmürəm ki, Azərbaycan digər ölkələr kimi Çində istehsal olunan elektromobillərə idxal rüsumu tətbiq etsin”.

Onun sözlərinə görə, Çin avtomobillərinin yerli bazarda payı ancaq bazar iştirakçılarının başqa ölkələrin istehsalı olan modellərə üstünlük verəcəyi təqdirdə azala bilər: “Hələ ki, Çin avtomobilləri bazarda öz mövqeyini qoruyub saxlayır. Gələcəkdə əgər bazar iştirakçıları başqa ölkələrin istehsalı olan modellərə üstünlük verərsə, o zaman vəziyyət dəyişə bilər. Amma bu prosesə qeyd etdiyim kimi, hökümətin inzibati qaydada müdaxiləsi gözlənilmir”.

Çin elektromobillərinin keyfiyyət göstəricilərinə toxunan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə deyib ki, bu avtomobillər keyfiyyət baxımından da yüksək səviyyədədir: “Ümumiyyətlə, həm elektromobillər, həm də Çin istehsalı olan avtomobillər haqqında çoxlu miflər var. Mən özüm də 2 ilə yaxındır ki, Çin istehsalı olan elektromobildən istifadə edirəm. Hətta bu yaxınlarda ikincisini də almışam. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, indiyədək bu avtomobillərdə heç bir xoşagəlməz hallarla qarşılaşmamışam. Elektrikli avtomobillər həm komfortludur, həm də qənaətcildir. Digər avtomobillərlə müqayisədə 80-90 faiz qənaət deməkdir. Daxiliyanma mühərrikləri olmadığından avtomobilin xarab olma ehtimalı da çox azdır. Elektromobil batareya, elektrik mühərriki və “beyindən” ibarətdir, əlavə xərc yaradan detallar yoxdur. Çin batareyalara ömürlük zəmanət də verir. Elektromobillərin, guya mənfi cəhətləri haqqında süni ajiotaj yaratmaqla, bundan istifadəni azaltmağa çalışırlar. Bu, çox güman ki, digər yanacaq növlərinin aktual qalmasına nail olmaq üçün bu yollara əl atırlar. Ümumilikdə hesab edirəm, Çin dünyada elektromobil istehsalı və satışı üzrə dominatlığını gələcəkdə də qoruyub saxlayacaq”.