Üzərlik qədim dövrlərdən bəri insanlara həm fiziki, həm də mənəvi rahatlıq bəxş edən şəfalı bitki hesab olunur. Daha çox bədnəzəri qaytarmaq üçün yandırılan üzərlik otu, həmçinin tənəffüs yolu və bir sıra digər xəstəliklərin müalicəsində də istifadə edilir.
Hafta.az-n “Məişət” rubrikasının bugünkü mövzusu da qədim inancın simvolu olmuş üzərlikdir. Araşdırmalarımızdan belə məlum oldu ki, hazırda yerli satış obyektlərində üzərliyin 1 dəstəsi 50 qəpik, 3 dəstəsi isə 1 manatadır. Bizimlə həmsöhbət olan satıcı xanım deyir ki, bitki onlara İsmayıllı rayonundan gətirilir:
“Rayonda onu xüsusi olaraq əkib-becərmirlər. Çox vaxt özü yabanı halda yetişir. Bəzi bölgələrin adətinə görə, təzə gəlinə xonça düzən vaxt oğlan evi qız evinə bəzəkli qabda üzərlik də aparır”.
Tibb elminin hələ yaxşı inkişaf etmədiyi keçmiş dövlərdə insanlar şəfanı təbiətdə axtarırdı. Nəticə etibarilə hazırda üzərlik otunun çayı saymaqla bitməyən bir çox dərdə dərmandır. Bunlardan ən başlıcası isə mövsümi qrip, bəlğəmgətiricilik xüsusiyyəti, maddələr mübadiləsini sürətləndirmək, xroniki başağrısı və mədə-bağırsaq xəstəlikləridir.
Üzərlik çayı
Bir qədər təmizlənmiş üzərliyi bir fincan qaynar suda, təqribən, 5 dəqiqə gözlətdikdən sonra, içilə biləcək temperatura gəldikdə istehlak edilə bilər. Çayı gündə bir dəfə mütəmadi olaraq istifadə etdikdən sonra, orqanizmə bəxş etdiyi faydaları özünü göstərəcəkdir. Üzərliyin təmiz və təzəliyindən əmin olun.
Bal və üzərlik
Bir məqamı da nəzərinizə çatdıraq ki, təbabətdə bal, kətan toxumu və üzərlikdən əldə olunan qarışımın 1 çayqaşığı qədər istifadəsi astmadan əziyyət çəkən xəstələrə yaxşı təsir bağışlayır.
Daha sonra üzərliyin Azərbaycan folklorundakı yeri və rolu haqqında filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova bizləri bilgiləndirdi. Onun sözlərinə görə, Azərbaycan folklorunda və şifahi xalq ədəbiyyatında üzərliklə bağlı məsələlərə tez-tez toxunulub. Üzərlik otu lap qədim zamanlardan, antik Misir mədəniyyətindən günümüzə qədər gəlib çatıb. O, həm təbabətdə, həm də mənfi enerjini aradan qaldırmaqda faydalıdır.
Biz hər zaman görmüşük ki, nənələrimiz ev-eşikdə, həyət-bacada üzərlik yandırıb gəzdirər, bu yolla çətinliklərin aradan qalxacağına inanardılar. Novruz bayramında belə qalanan tonqallara üzərlik yandırıb atardılar ki, ev-eşiyə göz dəyməsin. Onun qurudulmuş formasını həyət qapılarından, ev astanasından, təzə doğulmuş körpənin üzərindən asırlar ki, gözü qaytarsın”.
Üzərlik yandıranda böyüklərimiz deyərdilər:
Üzərliksən havasan,
Hər bir dərdə dəvasan.
Kimin gözü dəyibsə,
Üzərlik kimi yanasan.
Üzərliksən havasan,.
Hər bir dərdə davasan.
Səni dərman deyiblər,.
Qada-bala sovasan.
Biz də sizlərə bəd nəzərdən uzaq durmağı, işlərinizin hər zaman rəvan olmasını arzulayırıq.