Klaus Şvabın ofisində dinləmə cihazı aşkarlanıb

09:27 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya İqtisadi Forumunun (DİF) təsisçisi Klaus Şvabın Cenevrədəki ofisində dinləmə cihazının aşkar edildiyi bildirilir.

Hafta.az xəbər verir ki, cihaz adi təhlükəsizlik yoxlaması zamanı aşkarlanıb. İlkin ehtimallara əsasən, onun son üç il ərzində quraşdırıldığı güman edilir. Cihazı kimin yerləşdirdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Qeyd edək ki, Klaus Şvab 2025-ci ilin aprelində DİF-in qəyyumlar şurasının sədri və üzvü vəzifələrindən istefa verib. Bundan sonra təşkilatın vəsaitlərindən şəxsi məqsədlər üçün istifadə edilməsi ilə bağlı iddialar səsləndirilsə də, aparılan araşdırmadan sonra ona qarşı maliyyə pozuntuları ilə bağlı ittihamlar təsdiqlənməyib.

Klaus Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində ilk Avropa İdarəetmə Simpoziumunu təşkil edib. 1987-ci ildə təşkilat Dünya İqtisadi Forumu adını alıb./“Bloomberg”/