Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qalay qutularda gizlədilən 4,5 milyon narkotik həb ələ keçirilib.
Hafta.az-ın BƏƏ-nin rəsmi agentliyi WAM-a istinadən yazdığına görə, Əbu-Dabi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin direktoru Tahir Qərib əz-Zahiri BƏƏ-yə külli miqdarda narkotikin gətiriləcəyinə dair kəşfiyyat məlumatı üzərinə əməliyyata başladığını bildirib.
Zahiri deyib ki, təqib edilən şübhəli şəxs özünün idxal etdiyi çox sayda yaşıl lobya qutularını limandan götürərək anbara aparıb.
Polisin anbara basqın etdiyini qeyd edən Zahiri deyib ki, əməliyyat çərçivəsində 4,5 milyon narkotik həb və narkotik istehsalında istifadə edilən materialın ələ keçirilib. Zahiri qeyd edib ki, həbs edilən şübhəlinin qaçaqmalçılıq planı təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı ilə darmadağın edilib.
Xatırladaq ki, fevralın əvvəlində də BƏƏ-də təxminən 620 min narkotik həb ələ keçirilib.