BƏƏ-də nazirlərin 39, millət vəkillərinin isə 50 faizi qadınlardır

14:20 08.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Rəqabət və Statistika Mərkəzi, 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə Əmirliklərdə yaşayan qadınların dövlət həyatında, eləcə də sosial-ictimai müstəvidə oynadıqları rola dair hesabat açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hesabatda deyilir ki, hazırda hökuməti təşkil edən 33 nazirdən 9-u, Federal Milli Şura (FNC) üzvlərinin isə 50 faizi qadınlardır.

Təhsil sektorunda, rabitə və informasiya texnologiyası sahəsində mütəxəssisləşən qadın məzunlar bütün məzunların 49,1 faizini təşkil edirlər. Bununla yanaşı, universitetlərdə təhsil alan qız tələbələrin ümumi sayı hazırda 362687 nəfər, yüksək elmi dərəcəyə sahib qadınların sayı isə 207630-dur. Günümüzdə Əmirliklərdə 15446 qadının elmi dərəcəsi var. Hesabata əsasən, bu gün BƏƏ-də media və sosial elmlər sahəsində təhsil alan qızlar bu sahədəki tələbələrin 63 faizini təşkil edirlər.

Qadınlar iş dünyasında da özlərinə mövqe tutmaqdadırlar. Belə ki, hazırda BƏƏ-də iqtisadi sferada işləyən işçilərin 24 faizi qadınlardır və onlar federal səlahiyyətli quruluşların 46 faizini təmsil etməkdədirlər. Bu ölkədə maliyyə, bank və sığorta sektorunda çalışan ümumi işçilərin 31, təhsil sektorunda işləyənlərin, eləcə də həkim və tibb bacılarının isə 64 faizi qadınlardır.

Mərkəzin statistikasına görə, günümüzdə BƏƏ-də 80025 şirkət məhz qadınların adında qeydiyyatdadır. Eyni zamanda, zərif cinsin nümayəndələri Əmirliklərin idarəetmə sistemində çalışanların 21,5 faizini təşkil edirlər.