Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Made in Russia” yarmarkası Rusiyada rəsmilər arasında mübahisə yaradıb. Buna səbəb yarmarka üçün hazırlanan afişada Moskvanın ən ikonik tikililərindən olan Müqəddəs Bazil kilsəsinin günbəzlərindəki xaçların götürülməsi olub.
Hafta.az-ın yazdığına görə Moskva Şəhər Dumasının sədr müavini Andrey Medvedyev məsələyə sərt reaksiya verərək deyib: “Bu qalmaqal Qərbin neoliberal gündəminin Rusiyanın iş dünyasında və hətta siyasətində nə qədər köklü olduğunu açıq şəkildə göstərir”.
Müzakirələrdən sonra Rusiya İxrac Mərkəzi açıqlama verərək, yarmarkanın keçirildiyi ölkənin mədəni və dini həssaslığına hörmət etmək üçün belə bir dizayna üstünlük verdiklərini bildirib. Lakin bu açıqlama tənqidləri sakitləşdirməyib. Tarixçi və jurnalist Aleksandr Dyukov “bitərəflik bəhanəsi Qərbin oyanmış ideologiyasının tipik əksidir” deyib, Medvedyev isə bu bəyanatı “gülünc bəhanə” adlandırıb.
Müzakirələrdə Rus Pravoslav Kilsəsinin nümayəndələri də iştirak ediblər. Vladimir Leqoyda posterdə edilən dəyişikliyi “kimlikdən və əsas dəyərlərdən imtina” kimi qiymətləndirib.
Artan reaksiyalar nəticəsində yarmarkanın təşkilatçıları bir addım geri çəkilərək kafedralın xaçlarının əks olunduğu yeni plakat dərc ediblər. Rusiya rəsmiləri bu qərarı alqışlayıblar.