Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 92 nəfərdən ibarət axtarış-xilasetmə qrupları Türkiyənin zəlzələlərdən zərər çəkmiş bölgələrində fevralın 7-dən indiyədək 8 nəfəri dağıntılar altından xilas edə biliblər.
Hafta.az-ın yazdığına görə, bu haqda BƏƏ-nin Ankaradakı səfirliyindən məlumat verilib. Bundan başqa, zəlzələdən sonra BƏƏ-dən göndərilən tibbi avadanlıq, təchizat və digər yardım vasitələrindən ibarət humanitar yardım 22 təyyarə ilə Türkiyəyə çatdırılıb.

BƏƏ qruplarının Qaziantəpin İslahiyyə rayonunda 50 nəfərlik səhra xəstəxanasının qurulması üçün işlərə başladığı və xəstəxananın tezliklə istifadəyə veriləcəyi bildirilib.
Dörd çarpayılıq cərrahi əməliyyat otağı və reanimasiya şöbəsi olan xəstəxanada dəstək xidmətləri, tomoqrafiya və rentgen cihazları, laboratoriya və aptek xidmətləri göstəriləcək.

Ambulatoriya, ailə həkimliyi, psixiatriya və digər şöbələrin yerləşəcəyi sahə xəstəxanasında 10 məsləhətçi, mütəxəssis həkim, 30 tibb bacısı, 10 müxtəlif sahə üzrə texniki işçi və 25 inzibati heyət çalışacaq.
Qeyd edək ki, BƏƏ Türkiyənin təbii fəlakət bölgəsində 3 səhra xəstəxanası qurmağı nəzərdə tutub.
Ümumilikdə BƏƏ zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Türkiyəyə, eləcə də Suriyaya ən çox və sürətli humanitar yardım göstərən ölkələrdən biridir. Fevralın 6-dan indiyədək BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın göstərişi ilə Əmirlik Qızıl Ayparası tərəfindən Türkiyəyə tonlarla humanitar yardım çatdırılıb.
BƏƏ prezidenti Əl-Nəhyan fevralın 7-də zəlzələ ilə əlaqədar Türkiyəyə 50 milyon dollar nağd pul yardımı ediləcəyini açıqlayıb.

BƏƏ Qızıl Aypara Cəmiyyəti də Türkiyə və Suriyaya hərtərəfli yardım kampaniyası başladıb. “Yaxşılıq Körpüləri Təşəbbüsü” yardım kampaniyası çərçivəsində bazar günündən başlayaraq 2 həftə ərzində Əbu Dabi və Dubaydakı mərkəzlərdə nağd və natura şəklində yardımlar toplanacaq.
BƏƏ-də yerləşən "Al-Ansari Exchange" şirkəti təbii fəlakətdən zərər çəkənlərə yardım işlərinin bir hissəsi olaraq 3,67 milyon dirhəm (təxminən 1 milyon dollar) ianə göndərdiyini açıqlayıb.
BƏƏ prezidenti Məhəmməd bin Zayedin anası Şeyxa Fatimə bint Mübarək də zəlzələ qurbanları üçün 50 milyon dirhəm (təxminən 13,6 milyon dollar) bağışlayıb.
Bundan əlavə, BƏƏ milli aviaşirkəti "Emirates" Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına təcili yardımları çatdırmaq üçün Dubaydan İstanbula hava körpüsü yaradıb. Təcili humanitar ləvazimatlar, tibbi ləvazimatlar və avadanlıqlar "Emirates" tərəfindən Dubaydakı humanitar mərkəz olan Beynəlxalq Humanitar Şəhər (IHC) ilə əməkdaşlıq çərçivəsində inşa edilən hava körpüsü vasitəsilə Dubaydan İstanbula daşınmaqdadır.