Bəhruz Məhərrəmov: “İnsanları küçəyə çıxarıb nə tələb edəcəksən?”

12:34 19.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb, sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Qərb sülhməramlı məsələsinə Bakı və Moskva arasında potensial böhran kimi baxıb.

Deputat eyni zamanda bildirib ki, Prezident İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan sözün əsl mənasında suveren, qüdrətli bir dövlətdir.

“Qərbi cari ssenari qane etmir və ona görə də özünə bağlı proksi ünsürləri, o cümlədən Azərbaycan daxilində “Milli Şura” adlanan antimilli marionet dərnəyi aktivləşdirməkdədir və planlaşdırılan “mitinq şousu” də məhz bu proseslərin tərkib hissəsidir.

Yaxşı, aydındır ki, qanunsuz aksiya çağırışları Qərbin sifarişidir. Amma axı sən Azərbaycan vətəndaşısan, insanları küçəyə çıxarıb nə tələb edəcəksən? Cəsarətin çatır get Avropa İttifaqına, ABŞ yaxud Fransaya etiraz et. Əxlaqlı siyasətçi şəxsiyyətini, qranta satarmı?”

B.Məhərrəmov bildirib ki, son 100 ildə, nəinki ona həvalə edilmiş vəzifə öhdəlikləri, hətta evini ailəsini atıb qaçan fərari siyasətçilərin hələ də öz adları ilə çağırılmamasına təəssüf edib.

“Hamısı da süni nəfəs cihazından asılı olan xəstə kimi internetən asılı formada bitkisəl həyat sürdürür. Şəbəkəni ayırsan elə ordaca siyasi meyitə dönəcək”.

Deputat Rusiya sülhməramlılarının Azərbaycanı sakit şəkildə tərk etməsindən qıcıqlanan bu manqurtların indi yeni tezis tapdığını qeyd edib. “Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan, bəs Qəbələdə 2012-ci ilə qədərki hərbi baza kimin idi? Ümumiyyətlə Rusiya sizi ciddi qəbul edirdimi? Sadəcə o vaxt Rusiyanın özündə anarxiya hökm sürürdü və çıxarılan yox, çıxan hərbçilər də burda xidmət etmək istəməyənlər idi. Güya çıxardız nə etdiz? Onlardan aldığınız silahlarla da gedib vətəndaş müharibəsi başlatdız, Gəncəni bombaladız, yaxud Milli Məclisi atəşə tutduz.

Yəni Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması 90-cı illərdə rus hərbçilərin bir qisminin Azərbaycandan çıxmasına bənzəmir. Cənab İlham Əliyev Qəbələdəki hərbi bazanı da, Qarabağdakı sülhməramlıları da Rusiyanın ən qüdrətli dövründə ölkədən çıxardı. Üstəlik, çoxəsirlik əlaqələrimizə xələl gətirmədən. Bu mənada əminliklə deyə bilərik ki, sülhməramlıların çıxarılması nə qədər böyük tarixi hadisədirsə, bu prosesi Rusiya ilə münasibətlərinə xələl gətirmədən reallaşdıra bilmək də elə bir o qədər ciddi siyasi uğurdur və beynəlxalq arenada da bir daha başa düşdülər ki, bu regionda İlham Əliyev miqyası ilə hesablaşmaq zərurətdir”.

Oxunma sayı 62