Bəyannamənin şərtləri Ermənistan və Rusiya tərəfindən icra edilmir - Samir Hümbətov

11:16 11.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan tərəfi imzalanmış bəyannamənin şərtlərinə tam şəkildə əməl etsə də, müqaviləni imzalayan Ermənistan və Rusiya tərəfi müqavilənin şərtlərinin icrasını yubatmaqla məşğuldurlar.

Bu fikirləri hafta.az-a 10 noyabrda imzalanmış  üçtərəfli bəyanatın bir ilinin tamam olması ilə bağlı mövcud durumu şərh edən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya tərəfi 10 noyabr 2020-ci ildə imzaladıqları bəyannamənin 4-cü, 7-ci, 8-ci və 9-cu maddələrini ya tam şəkildə, yaxud da ümumiyyətlə icra etməyib:

“4-cü bənddə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu maddəyə diqqət etdikdə görmək olur ki, rus "sülhməramlıları" bölgəyə yerləşdirilsə də, erməni terrorçu dəstələri bölgədən çıxarılmayıb, əksinə onları həmin bölgələrdə özləri üçün dayaq postları qurmasına şərait yaradılıb.

Bəyannamənin 7-ci maddəsində qeyd edilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu maddə isə tamamilə icra edilməyib. Yəni rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Xankəndi şəhərində erməni əsilli Azərbaycan vətəndaşların yaşamalarına baxmayaraq oradan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsi hələ ki gündəmdə görünmür.

Bəyannamənin 8-ci bəndində qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Burada diqqətçəkən ən önəmli məsələlərdən biri də odur ki, həmin maddədə qəti şəkildə qeyd edilməyib ki, I yaxud II Qarabağ savaşı dövründə. Bu da o deməkdir ki, I Qarabağ savaşı dövründən Ermənistanın əlində 4 minə qədər azərbaycanlı hərbi və mülki əsir qalıb. Onların taleyi ilə bağlı da hansısa məlumat verilməli, sağ qalanlar geri qaytarılmalı, kütləvi şəkildə öldürülənlərin isə basdırıldığı yerlər göstərilməlidir.

Bəyannamənin 9-cu bəndində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.. Göründüyü kimi, 10 Noyabr bəyannaməsinin bəzi bəndləri icra edilməyib. Hətta müəyyən mənada demək olar ki, bu bəndlərin icrasını qəsdən yubadırlar”.