Azərbaycanın bitkiçilik məhsullarının ixracı uğurla davam edir. Hazırda ölkəmizdən dünyanın 40-a yaxın ölkəsinə müxtəlif bitkiçilik məhsulları ixrac olunur. İxrac dinamikasında müşahidə edilən müsbət artım Azərbaycan məhsullarına beynəlxalq bazarlarda artan etimadın göstəricisidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, ixracın davamlı inkişafı və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün ixracatçıların fitosanitar tələblərə ciddi əməl etməsi vacibdir. Bitkiçilik məhsulları, onların qablaşdırılması, etiketlənməsi və daşınması beynəlxalq standartların və idxalçı ölkələrin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.
Bildirilib ki, ölkəmizdə ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar baxış keçirilir, laborator və vizual yoxlamalar aparılır. Tələblərə uyğun məhsullar müvafiq fitosanitar sertifikatla təmin olunur və ixracına icazə verilir.
Həmçinin ixracatçıların diqqətinə çatdırılıb ki, məhsul partiyaları formalaşdırılarkən məhsulun mənşəyi və ilkin istehsalçısı barədə məlumatlar düzgün bəyan edilməli, çeşidləmə keyfiyyətlə aparılmalı, aqrotexniki və aqrokimyəvi qulluq qaydalarına riayət olunmalı, məhsullar idxalçı ölkələrin fitosanitar və keyfiyyət tələblərinə tam cavab verməlidir.”Xüsusilə qeyd edirik ki, ixrac zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına əsasən təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta (ISPM 15) uyğun emal olunmalı və müvafiq nişanla markalanmalıdır. Bütün ixracatçıları beynəlxalq fitosanitar standartlara və milli qanunvericiliyin tələblərinə məsuliyyətlə əməl etməyə çağırırıq. Tələblərə riayət edilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, yeni ixrac imkanlarının yaranmasına və ölkəmizin etibarlı ticarət tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”, - deyə məlumatda vurğulanıb.