Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib

16:08 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

9 sentyabrda Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən hafta.az-a bildirilib ki, görüşdə, həmçinin, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Görüş zamanı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Tərəflər Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadəsi və bu xüsusda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb.

Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.