Bəzi MTK-lar məqsədli şəkildə qeydiyyatdan kənarda qalmaq istəyir 

11:18 19.05.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl Prezident İlham Əliyev tərəfindən “bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalandı. Fərmanın icrasına uyğun olaraq, qısa zaman sonra Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verildi. Proses hələ də davam edir. Bu gün çoxməznilli binalarla bağlı bu preses lazımı səviyyədə aparılırmı?  

Hafta.az–a danışan millət vəkili Musa Quliyev məsələnin bu fərman çərçivəsində aidiyyatı orqanların göstərdiyi dəstəklə həll olunmasının təqdirə layiq olduğunu dedi:

“Cənab Prezidentin bu fərmanı sosial layihələrindən ən uğurlusudur deyə bilərik. Birbaşa Azərbaycan vətəndaşının sosial şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. Neçə ildir bu problem öz həllini tapa bilmirdi. Vətəndaşlar pullarını veriblər, lakin sənədlərini ala bilmirlər. Əlbəttə, bu vətəndaşlara aid olmayan məsələlər ücbatından problemlər həll yolunu tapa bilmirdi. O sənədsiz evlər sonradan vətəndaş üçün daha böyük problemə çevrilirdi. Evlərini sata bilmirdilər, təmir etməkdə əziyyət çəkirdilər. Bütün bunların hamısı vətəndaşın sosial şəraitini çətinləşdirən amillər idi. Prezident lazımi orqanlara tapşırığını verdi. Bütövlükdə sosial təminat sahəsində qısa müddət ərzində çoxlu fətrmanlar verilib. Vətəndaşların mənzil problemində yaranan bu problem də artıq həll olunacaq”.

İqtisadçı ekspert Rəşad Həsənov isə hafta.az-a dedi ki, aidiyyatı qurumlar da, MTK-lar da adekvat addımlar atmalıdırlar ki, vətəndaşların bu problemi həll olunsun, süni əngəllərin çərçivəsi məhdudlaşdırılmalıdır:

“Uzun müddtətdir ki, Azərbaycanda daşınmaz əmlak hüququnun tanınması və eyni zamanda vətəndaşların mülkiyyət hüququndan yararlanması sahəsində ciddi problemlər var idi. Yeni inşa olunmuş çoxmənzilli binalarda, eyni zamanda fərdi yaşayış evlərində müşahidə olunan əsas problemlərdən biri idi. Bu baxımdan da konkret olaraq əvvəldən müəyyən olunmuş təqdirdə bu problemin həlli ilə bağlı mövqenin ortaya qoyulması istənilən halda alqışlanasıdır. Nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatında yaşayırıq. Bazar iqtisadiyyatı mülkün, əmlakın real bank rejimində istifadə üçün vacib elementlərdən hesab olunur. Bu baxımdan da bu günə qədər vətəndaşlar demək olar ki, əmlakları üzərində tam mülkiyyət hüququna sahib deyildi, bu əmlakı lazım olduğu təqdirdə öz məqsədləri üçün istifadə edə bilmirdilər. Bundan başqa dövlət büdcəsi itirən tərəf idi. Çox irihəcimli vergi daxil olmaları itirilirdi. Yüz minlərlə yaşayış evlərinin bu sənədi olmadığı üçün vergilər ödənmirdi. Sonra qeyri-qanuni dövriyələr olurdu. Alqı-satqı əməliyyatlarında böyük vəsaitlər itirilirdi. Bu anarxiyanın qarşıyanın alınmasında fərmanın rolu danılmazdır. Kifayət qədər əhəmiyyətli məqəmadır. Düzdür, prosesin özündə bir sıra nöqsanlar var. Bu da daha çox MTK- lar tərəfindən baş verir. Düşünürəm ki, hazırda proses maksimum sürətlə davam edir. İlin sonuna qədər prosesin tamamlanmasına zərurət vardır”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə isə, bu fərman Azərbaycanda mənzil fondunun təkmilləşdirilməsinə təkan verəcək:

“Fərmanın icrasına artıq başlanılıb. Təqribən 100-ə yaxın binalara istismar haqqı verilib. Proses davam etdirilir. 400-dən çox çoxmənzilli binanın sənədləşdirilməsi bu fərmanda öz əksini tapır. 19 fevral fərmanı fikirimcə mülkiyyət münasibətlərinin tənzimlənməsi, çoxmənzilli binaların sənədləşməsi istiqamətində atılmış ən fundamental qərar oldu. Burada müəyyən problemlər var.FHN–nin dövlət tikintiyə təhlükəsizliyə nəzarət xidməti tərəfindən qərargah yaradılıb. Həmin qərargahda sənədlər qəbul olunur, baxış keçirilir. Hansıki bina istismara yararlıdır, ciddi problemlər yoxdusa həmin binaların istismarı ilə bağlı rəy verilir. Bundan bir həftə sonra həmin binanı Arxtektura Şəhərsalma Komitəsi istimara qəbul edir. Ancaq elə binalar vardır ki, orada problemlər mövcuddur. Bununla bağlı FHN tərəfindən həmin MTK-lara məktublar göndərilib. Təəssüflər olsun ki, bu problemin aradan qaldırılması ilə bağlı heç bir addımlar atmır. Bu da məqsədli şəkildə həyata keçirilir. Fərman 2020 – ci ilin yanvar ayının birinə qədər yekunlaşması nəzərdə tutulur. Hesab edirəm ki, bəzi MTK-lar bu dövrü ötürmək və qeydiyyatdan kənarda qalmaq istəyir. O MTK-lara ciddi şəkildə nəzarət olunmalıdır. Bu fərman cənab Prezidentin təşəbbüsüdür. Onun həyata keçirlməsi üçün bütün tikinti şirkətləri öz töhvəsini verməlidir”.