Biləcəridə tikinti və quruculuq işləri sürətlənib

19:30 13.03.2015
Yazını böyüt
Yazını kiçilt

- REPORTAJ, FOTO

İlham Xəlilov: "Son 2 ildə qəsəbə ərazisində 8 kilometr yeni kanalizasiya xətti, 7 kilometr yol, 5 kilometr yeni su xətti çəkilib"

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində abadlıq və quruculuq işləri indinin özündə də davam etdirilir. Bəri başdan deyək ki, adıçəkilən qəsəbənin sosial problemləri hələ də tam şəkildə öz həllini tapmayıb. Qəsəbənin elə küçələri var ki, sovet hökuməti dağılandan bəri bir dəfə də təmir olunmayıb. Kanalizasiya, qaz və su xətlərinin çəklişinə isə son 1-2 ildə başlanıb. Əlbəttə ki, Dövlət Proqramı sayəsində.

"Həftə içi"nin əməkdaşı olaraq, bu mühüm sosial infrastrukurun mövcud vəziyyətini öyrənmək məqsədilə dünən sözügedən qəsəbədə olduq. Əvvəlcə yolumuzu Sumqayıt şosesi, döngə-1 ünvandan saldıq. Burada "Azərsu" ASC-nin işçiləri tərəfindən kanalizasiya xəttinin çəkildiyini ərazidən keçən hər kəs görürdü. Tikinti zonasında çoxlu sayda texnika və işçi qüvvəsi cəmləşdirilmişdi. İşin gedişatına Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Vüsar İsmayılov nəzarət edirdi. Vüsar İsmayılovla söhbətdən məlum olur ki, hazırda Dövlət Proqramı çərçivəsində reallaşdırılan layihəyə uyğun olaraq, burada diametri 1200 millimetrlik borularla 1000 metr uzunluğunda kanalizasiya xətləri yenidən qurulur. Kanalizasiya xəttinin çəkilişi isə "Azərsu" ASC tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, köhnə xətlərin üstündə evlər tikildiyindən bir sıra problemlər yaranmışdır: "Biz əhalini də, Rayon İcra Hakimiyyətini də ciddi narahat edən bu problemlərin aradan qaldırılması üçün "Azərsu" ASC-yə müraciət etdik. Səhmdar Cəmiyyətinin rəhbərliyi müraciətimizi qəbul etdi və artıq kanalizasiya xəttinin çəkilişinə başlanıb".

Mərkəzi yol yenidən qurulur

Qəsəbənin başqa bir ərazisində - Natavan küçəsinin mərkəzi hissəsində və avtomobil yolunda əsaslı təmir işləri aparılır. Belə ki, bu küçədə avtomobil yolu 12 metr enində genişləndirilib, piyada səkiləri qurulub. Artıq yolda köhnə və yararsız asfalt örtüyü texnikanın gücü ilə təmizlənərək çala-çökək yerlər doldurulur və hamarlanma işləri aparılırdı. Burada isə tikinti və yenidənqurma işlərinə Biləcəri qəsəbə bələdiyyəsinin sədri İlham Xəlilov şəxsən nəzarət edirdi. Bələdiyyə sədri bildirir ki, layihəyə uyğun olaraq 4 kilometr uzunluğunda yol yenidən təmir ediləcək. O, qəsəbə sakinlərini əmin edir ki, təmir işləri müasir standartlara cavab verilən səviyyədə aparılacaq: "Artıq yolun köhnə asfalt örtüyü götürülür, köhnə bardürlər yenisi ilə əvəzlənir. Yol təmizləndikdən sonra asfalt örtüyü vurulacaq. Eləcə də Rəşid İsmayılov küçəsindəki yolqırağı zonalarda yerləşən binalar və obyektlərin fasadları yenilənir. Artıq orada da qızğın işlər gedir. Köhnə divarlar təmir edilir, binalara və yolun hər iki tərəfi ilə çəkilən divarlara ağlay üzlüklər vurulur. Bir sözlə, Rəşid İsmayılov küçəsindən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi istiqamətində yollar yenidən qurulacaq, təzə asfalt örtüyü salınacaq. Eləcə də piyada yollar təmir edilir və səkilər yenidən qurulur".

Bələdiyyə sədri 80 min əhalinin yaşadığı Biləcəri qəsəbəsinin qaz, su və elektrik enerjisi ilə təminatında heç bir problemin olmadığını deyib. Onun sözlərinə görə, qəsəbənin "Yeni yaşayış massivi" adlanan məhəlləsində də qaz, su və elektrik xətləri yenilənib, evlərə isə "SMART" kart tipli sayğaclar qoyulub: "Qəsəbə ərazisində məişət tullantılarının daşınması və təmizlik işləri ilə bələdiyyə məşğul olur. İndiyədək 450 ədəd yeni zibil qutusu alaraq lazım olan ərazilərə qoydurmuşuq. Məişət tullantıları vaxtlı-vaxtında daşınılır, qəsəbənin magistral küçələrində işıqlandırma prosesi həyata keçirilir. Eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun köməkliyi ilə 20 Yanvar parkı yenidən qurulub. Eyni zamanda Milli Qəhrəmanlarımızın xatirəsinə Milli Park Abidə Kompleksi Biləcəri qəsəbəsində qoyulub. Yəhya Hüseynov küçəsində isə dəmiryolçuların parkı ölkə başçısının müvafiq sərəncamı əsasında yenidən qurulub".

"Abad məhəllə"lərin sayı artır

İlham Xəlilov rayon rəhbərliyinin tapşırığı ilə qəsəbə ərazisində 9 ədəd xeyr-şər evinin tikilərək sakinlərin ixtiyarına verildiyini də deyib. Onun sözlərinə görə, həmin xeyir-şər evlərinin 5-i yenidən tikilib, 4-ü isə əsaslı təmir olunaraq sakinlərin ixtiyarına verilib: "Xeyr-şər evləri bütün avadanlıqlarla təchiz olunub. Eləcə də 50, 57 və 168-ci məhəllədə 2, 4, 8, 9, 10,11, 30 saylı binaların həyətlərində, Natəvan küçəsi boyunca 3, 5, 7, 27 saylı binalar, Rəşid İsmayılov küçəsindəki 10 saylı binaların həyətlərində abadlıq işləri aparılıb, "Abad məhəllə"lər salınıb".
Bələdiyyə sədri deyib ki, son 2 il ərzində qəsəbə ərazisində 8 kilometrə qədər müxtəlif diametrdə yeni kanalizasiya xəttinin çəklişi başa çatıb. Hazırda bu işlər qəsəbənin müxtəlif ərazilərində davam etdirilir. Həmçinin son 2 il ərzində əsas yollarda 7 kilometr uzunluğunda asfalt örtüyü çəkilib, "Yuxarı qəsəbə" adlanan ərazidə 5 kilometr uzunluğunda yeni su xətti çəkilib. Yeni qaz xəttinin çəkildiyi ərazilərə isə Natəvan, Asəf Zeynallı, Rəşid İsmayılov küçələrində yerləşən məhəllələr aiddir. Belə ki, həmin küçələrdə 300 diametrlik yeni qaz xətləri çəkilib. Hazırda "Biləcəri yolu" adlanan massivdə qaz xəttinin çəklişi davam etdirilir.

Nəqliyyat probleminin həlli üçün yollar axtarılır

Bələdiyyə sədri Novruz Bayramına hazırlıq işləri çərçivəsində müəyyən işlərin görüldüyünü, imkansız adamlara, əlillərə, Qarabağ əlilləri və şəhid ailələrinə yardımlar ediləcəyini söyləyib. Onun sözlərinə görə, Biləcəri bələdiyyəsi fəaliyyət sahəsinə aid bütün işlərinin əvvəlcədən hazırlanmış və təsdiq edilmiş layihələr əsasında həyata keçirir. Belə ki, ictimai iaşə xidməti obyektlərinin, mərkəzləşdirilmiş qaydada ət kəsimi ilə bağlı xidmət sahəsinin yaradılması, sakinlərə yas mərasimi və xeyir işləri ilə bağlı xidmətin göstərilməsi, eləcə də aztəminatlı ailələrə yardım göstərilməsi kimi layihələri əvvəlcədən bələdiyyənin büdcəsinə uyğun olaraq müəyyənləşdirilir.


O ki qaldı bələdiyyə büdcəsinin əsasını təşkil edən vergi və digər ödənişlərin yığımı ilə bağlı vəziyyətə, İlham Xəlilov deyir ki, hazırda prezidentin müvafiq sərəncamına uyğun olaraq, əmlak və torpaq vergilərinin yenidən yığılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanıb. Onun sözlərinə görə, qaydalara əsasən, mülk sahibləri ümumi sahəsindən 30 kvadrat çıxmaq şərtilə evlərin hər bir kvadratmetrinə görə 40 qəpik məbləğində bələdiyyələrə vergi ödəyəcək.
Bələdiyyə sədri qəsəbə sakinlərinin ictimai nəqliyyatla bağlı üzləşdiyi problemlərə də aydınlıq gətirib. İlham Xəlilov deyir ki, qəsəbə sakinləri bu tələblərində haqlıdırlar. Onun sözlərinə görə, vətəndaşların haqlı narazılığı aidiyyəti qurumların diqqətinə çatdırılıb və qəsəbədaxili marşrut avtobuslarının iş qrafikinə yenidən baxılması nəzərdə tutulub: "Qəsəbənin "Yeni yaşayış massivi" adlanan ərazisindəm mərkəzinə doğru marşrut avtobuslarının işləməsi təmin olunacaq. Biləcəri qəsəbəsində yeni qəbiristanlığın salınması üçün torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq qurumlara müraciətlər olunub".

Qələndər Xaçınçaylı

rubrikasından digər xəbərlər