Bir barel üçün 70 dollar

19:31 22.09.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il üzrə neftin orta qiyməti Azərbaycan üçün komfortludur. Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. O həmçinin, devalvasiya gözləntiləri ilə bağlı məsələyə aydınlıq gətirib: “AMB təhlil aparmaq üçün fundamental göstəricilərə baxmalıdır. Fundamental göstəricilərin ən vacib elementi ölkənin ödəmə balansı olan tədiyyə balansıdır. Bu ilin yarısı üzrə böyük həcmdə öhdəliklərin icra edilməsinə baxmayaraq ehtiyat aktivlər 648 milyon dollar artırıb. O cümlədən xarici ticarət balansı ilə bağlı müsbət göstəricilər ümumi mənzərəni bizə aydınlaşdırır. Ona görə də yayılan məlumatları düzgün hesab etmirəm”.

Yeri gəlmişkən, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Nazirliyin açıqlamasında bildirilir ki, 2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, 2024-cü ildə büdcədə neftin qiyməti əvvəlcə 60 dollar götürülsə də, sonradan may ayında büdcəyə edilən dəyişikliklər çərçivəsində bu qiymət 75 dollar qaldırıldı. Həmin vaxt bu qiymət təhlükəsiz görünsə də, son həftələr dünya bazarında neftin qiyməti kəskin azalıb və 75-76 dollara enib. Hətta bir neçə gün əvvəl Azərbaycan neftinin qiyməti 73 dollara, yəni büdcədəki həddən 2 dollar aşağı düşüb. Görünür, bunu nəzərə alan hökumət ehtiyatlı davranaraq neftin qiymətini 70 dollardan nəzərdə tutub.

Müşahidələr göstərir ki, son vaxtlar neft bazarında nəzərəçarpan qeyri-müəyyənliyin və qiymətlərin kəskin enməsinin bilavasitə səbəbi Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla bir sıra əsas OPEC+ iştirakçılarının oktyabr ayında dünya bazarına neft tədarükünü tədricən artırmağa başlamaq qərarı olub. Bu qərar ABŞ və Çində iqtisadi dinamikanın pisləşməsi və müvafiq olaraq onların neftə olan tələbatının ehtimal olunan azalması ilə açıq şəkildə ziddiyyət təşkil edirdi.

Düzdür, həmin çöküşdən sonra qiymətlər bir qədər bərpa olundu, təxminən, 87,5 dollaradək yüksəldi. Sonra vəziyyət dəyişməyə başladı. İyulun 5-dən başlayaraq  neftin qiyməti yenidən aşağı düşməyə başlayıb. Hazırda, təxminən 75-76 dollar səviyyəsindədir. Eyni zamanda, bir çox treyder kotirovkaların daha da aşağı düşməsi ehtimalının yüksək olduğunu bildirib.

Təbii ki, neftin qiymətinin dünya bazarında azalması Azərbaycana da təsir edir. Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Ölkə ixracatının, təxminən, 80 faizini neft və neft məhsulları təşkil edir. Buna görə neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, hazırda neftin qiyməti bazar üçün kifayət qədər yüksəkdir: “Ümumilikdə götürsək, avqust ayında orta qiymət 80 dollar ətrafında olub. Ötən ilin sonu, cari ilin əvvəlində verilən proqnozlara baxsaq, göstəricilər gözləntilərdən kifayət qədər yüksəkdir. Proqnozlar onu göstərirdi ki, cari il üçün neftin orta qiyməti 82 dollardan aşağı olacaq və 2022-ci ildəki orta qiymətdən təqribən 2-2,5 dollar neftin qiyməti azalacaq. İlin birinci yarısı neftin orta qiyməti 85 dollardan bir qədər artıq oldu. Bu, cari il üçün deyərdim ki, kifayət qədər optimist qiymətdir. Bundansonrakı aylarda qiymət 80 dollar ətrafında olsa, ötənilki səviyyədən heç də fərqlənməyəcək. Bazar üçün kifayət qədər yüksək qiymətlərdir. Sual olunur: 84, 85, hətta 83 dollar ətrafında qiymətlərin bazarda özünü iki il ərzində bərqərar etməsi stabilliyin əmələ gəldiyinə dəlalət edirmi? 2022-ci ildə neftin qiyməti 102 dollar oldu. Bundan sonra gələn iki ildə də qiymətin 85 dollar ətrafında olması risk göstəricisidir. 2022-ci ildə risk faktoru daha çox idi”.

İ.Şaban vurğulayır ki, cari ilin sonuna qədər neft qiymətlərinin 80-85 dollar aralığında qalması böyük ehtimaldır: "İqlim faktorunun, hava şəraitinin necə olacağı, Rusiya-Ukrayna müharibəsinin bitib-bitməməsi, eləcə də Yaxın Şərqdə stabilliyin nə zaman əldə ediləcəyi kimi məsələlər önəmlidir. Münaqişələrin coğrafiyası kifayət qədər genişdir. Müharibələr dövlətlərin kifayət qədər maliyyə və iqtisadi resurslarını özünə cəlb edir. Bu baxımdan da neftin qiymətinin stabil qalması bir çox faktorlardan asılıdır. İndi onu proqnoz etmək müşkül məsələdir. Buna görə də daha çox orta və qısamüddətli proqnozlara üstünlük vermək olar. Neftin qiymətini cari ilin sonuna qədər 80-85 dollar dəhlizində qoruyacağı ehtimalı daha böyükdür".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı: “Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq”.