İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu il noyabrın 20-27-də “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin ölkəmizə səfəri planlaşdırılır.
ABŞ, Fransa, Rusiya, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edəcək blogerlər Şuşa, eləcə də İsmayıllı və Şəki şəhərlərinə səfər edəcəklər.
Hafta.az-ın məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumundan bildiriblər ki, səfərin əsas məqsədlərindən biri Azərbaycan Respublikası prezidentinin bu ilin “Şuşa ili” elan olunması ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda, bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, həmçinin onların səfər təəssüratlarını dünyaya yaymaqdır. Şuşa səfərində xarici ölkələri təmsil edən tanınmış blogerlərə iki gün ərzində təlim keçiriləcəyi planlaşdırılır.
Səfərin digər hədəfi isə Azərbaycanın görməli təbiət yerlərini və tarixi abidələrini dünyaya tanıtmaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə ötən illər ərzində oxşar tədbirlər uğurla həyata keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 tanınan videobloger işğaldan azad olunan ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqqında hazırladıqları videoreportajları yutub kanallarında yayımlayıblar. Bu reportajlara yeddi milyondan çox insan baxıb. Bu ilin sonunadək Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.