“Biz Azərbaycanı həqiqi və dəyərli tərəfdaş kimi görürük” – Zəkiyyə İğil

21:00 06.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Əlcəzairin Milli Günü – 1954-cü il İnqilabın başlamasının 71-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olundu. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Əlcəzairin dövlət himnləri səsləndirildi.

Hafta.az-ın yazdığına görə, açılış çıxışı edən Əlcəzairin ölkəmizdəki səfiri xanım Zəkiyyə İğil bildirdi ki, 71 il öncə Əlcəzair xalqı bir əsrdən çox davam edən müstəmləkə hakimiyyətindən sonra azadlıq və ləyaqətini bərpa etmək üçün birlik və cəsarətlə ayağa qalxdı. 1 Noyabr İnqilabı sadəcə bir itaətsizlik aktı deyil, ədalətə, müstəqilliyə və azadlığa inamın bəyannaməsi idi.

“Əlcəzair uzun və əzablı bir mübarizədən və böyük qurbanlardan sonra 5 iyul 1962-ci ildə suverenliyini bərpa etdi. Qələbəmiz təkcə bir millətin zəfəri deyil, eyni zamandahələ də öz müqəddəratını təyin etmək arzusunda olan bütün xalqlar üçün bir ümid mesajı oldu. Əlcəzair İnqilabı Afrika, Asiya və Latın Amerikasında azadlıq hərəkatlarının yolunu işıqlandıraraq dözümlülük və ilham simvoluna çevrildi” deyən xanım Zəkiyyə İğil bildirdi ki, bu gün onlar həmin mübarizənin şəhidlərinin və qəhrəmanlarının xatirəsini ehtiramla yad edərkən, həm də öz təməl dəyərlərinə, azadlığına, birliyinə, həmrəyliyinə sadiq qalan, gələcəyə inamla baxan bir xalqı anırlar.

Müstəqilliyin yeddi onilliyi ərzində Əlcəzairin bütün sahələrdə - siyasi, iqtisadi və sosial müstəvidə davamlı tərəqqiyə nail olduğunu deyən xanım səfir Əlcəzair prezidenti Əbdülməcid Tebbunun rəhbərliyi altında ölkənin öz qurumlarını müasirləşdirmək, iqtisadiyyatını şaxələndirmək, innovasiya və investisiyaları təşviq etmək məqsədilə genişmiqyaslı islahatlar həyata keçirdiyini xatırlatdı.

“Əlcəzair imkanlar ölkəsidir, təbii sərvətlərlə zəngin olmaqla yanaşı, xalqının əzmi və yaradıcılığı ilə daha da zəngindir. Gənc əhalisi, dinamik özəl sektoru və Afrika, Ərəb dünyası və Aralıq dənizini birləşdirən strateji mövqeyi ilə Əlcəzair regionlar arasında əməkdaşlıq və dialoq körpüsü kimi önəmli rol oynayır” deyən diplomat qeyd etdi ki, beynəlxalq arenada Əlcəzair ədalətli səbəbləri dəstəkləməyə, çoxtərəfliliyi və beynəlxalq əməkdaşlığı təşviq etməyə qətiyyətlə sadiq qalaraq, sülh, dialoq və həmrəyliyin carçısı kimi konstruktiv rolunu davam etdirir.

Xanım İğil bu il Əlcəzairlə Azərbaycan arasında diplomatik münasibətlərin 31 illiyinin qürurla qeyd edildiyini vurğulayaraq bildirdi ki, 1994-cü ildə ikitərəfli münasibətlərin qurulmasından bəri, qarşılıqlı hörmət, dostluq və suverenliyin qorunması, daxili məsələlərə müdaxilə etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququnu da əhatə edən ortaq prinsiplərə əsaslanan əməkdağı davam etdirirlər.

“Son üç onillikdə Əlcəzairlə Azərbaycan arasında etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurulub ki, bu da bizim beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində sıx əməkdaşlığımızda öz əksini tapıb. Son illərdə ikitərəfli əməkdaşlığımız yüksək səviyyəli səfərlərin fəal mübadiləsi və müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsi ilə yeni mərhələyə yüksəlib. Bu nailiyyətlər hər iki ölkənin tarixi dostluq əlaqələrini dinamik və qarşılıqlı faydalı tərəfdaşlığa çevirmək istiqamətində səmimi iradəsini əks etdirir”, - dedi Əlcəzairin ölkəmizdəki səfiri.

Diplomat qeyd etdi ki, prezident İlham Əliyevin 2022-ci ildə Əlcəzairə tarixi səfəri Əlcəzair - Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyub.

“Bu səfər böyük əhəmiyyət daşıyıb və iki ölkənin siyasi dialoq, iqtisadi tərəfdaşlıq və qarşılıqlı mədəni anlaşmaya dair ortaq öhdəliklərinin təkrar təsdiqi kimi yenidən tarixə düşdü. Bu səhər Əlcəzairdən qayıtdığımı xüsusi məmnunluqla sizinlə bölüşmək istərdim. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun 3-4 noyabr tarixlərində Əlcəzairə ilk rəsmi səfəri çərçivəsində iştirak etmək mənim üçün böyük şərəf olub. Bu tarixi səfər Əlcəzair - Azərbaycan münasibətlərində yeni səhifə açdı və hər iki ölkənin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək istiqamətində güclü siyasi iradəsini bir daha təsdiqlədi. Bu münasibətlə, həmin səfər çərçivəsində ölkələrimiz arasında strukturlaşdırılmış və uzunmüddətli əməkdaşlıq üçün möhkəm institusional zəmin formalaşdıran İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasına dair mühüm Saziş imzalanıb” deyən səfir Zəkiyyə İğil əlavə edib ki, bu ilin aprel ayında Əlcəzair iki ölkə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci sessiyasına ev sahibliyi edib. Bu məsləhətləşmələr ortaq maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparmaq və bərpa olunan enerji, ali təhsil və texnoloji innovasiyalar da daxil olmaqla, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün mükəmməl bir imkan yaradıb.

Diplomat vurğuladı ki. bütün bu müsbət nailiyyətlər Əlcəzair və Azərbaycanın ortaq qətiyyət, qarşılıqlı etimad və gələcəyə yönəlmiş ümumi baxışla birgə irəlilədiyini əyani şəkildə nümayiş etdirir.

“Milli Günümüzü qeyd edərkən, şanlı keçmişimizi yad etməklə yanaşı, daha parlaq gələcək naminə öhdəliyimizi bir daha təsdiq edirik. Qürurlu, dözümlü və gələcəyə inamla baxan Əlcəzair xalqı, azadlıq, ədalət və həmrəylik kimi, İnqilabının ali ideallarını təcəssüm etdirən bir dövlət qurmaq yolunda sarsılmaz qətiyyət nümayiş etdirir. Bu yolda biz Azərbaycanı, ümumi dəyərləri və bir-birini tamamlayan istəkləri paylaşdığımız həqiqi və dəyərli tərəfdaş kimi görürük. Biz birlikdə iqtisadi əlaqələrimizi daha da gücləndirə, mədəni mübadilələrimizi genişləndirə və təkcə regionlarımızda deyil, həm də daha geniş beynəlxalq müstəvidə sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə öz töhfəmizi verə bilərik” deyən xanım səfir sözlərini bu cümlə ilə bitirdi: “Arzu edirəm ki, Əlcəzairlə Azərbaycan arasındakı möhkəm dostluq əlaqələri daha da dərinləşib çiçəklənməyə davam etsin, xalqlarımız daim sülh, firavanlıq və həmrəylik şəraitində yaşasınlar”.

Azərbaycan hökuməti adından Əlcəzair xalqını bayram münasibətilə təbrik edən Energetika naziri Pərviz Şahbazov dedi ki, bu gün müstəqillik və azadlıq uğrunda mübarizədə nümayiş etdirilən sarsılmaz iradənin simvolu kimi dayanır və Əlcəzair xalqının tarixinə qəhrəmanlıq fəsli kimi həkk olunub.

“Amansız müstəmləkə siyasətinə müqavimət göstərməkdə əlamətdar cəsarət nümayiş etdirən Əlcəzair xalqı bir milyon yarım şəhidin hesabına azadlığını qazandı. Bu, dünya tarixində müstəqillik uğrunda milli mübarizənin əlamətdar nümunəsidir. Əlcəzairin azadlıq axtarışının simvolu olan Cəmilə Buhiredə bir şeirin həsr olunması və Azərbaycanın onu öz qəhrəmanı kimi qəbul etməsi xalqlarımızı bir-birinə bağlayan azadlığın, ədalətin və mənəvi həmrəyliyin parlaq sübutudur. Hətta ötən əsrdə də Azərbaycan neftçilərinin, geoloqlarının və mədəniyyət xadimlərinin Əlcəzairdəki fəaliyyəti, eləcə də Əlcəzair gənclərinin Azərbaycanda təhsil alması ikitərəfli münasibətlərimizin möhkəm təməlinin olduğunu sübut edir” deyən nazir bildirdi ki, Sovet dövründən bəri mövcud olan Azərbaycan və Əlcəzair xalqları arasında dostluq bu gün də dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etməkdədir.

2022-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Əlcəzairə səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlər tarixində yeni fəsil açdığını qeyd edən nazir Şahbazov dedi ki, Azərbaycan və Əlcəzair Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Siyasi məsləhətləşmələr münasibətlərimizin davamlı inkişafına töhfə verir.

Nazir vurğuladı ki, Əlcəzairin Azərbaycana investisiyaları, Əlcəzair şirkətlərinin ölkəmizdəki fəaliyyəti və ticarət dövriyyəsinin dinamikası iqtisadi münasibətlərimizin artımını əks etdirir. Xüsusilə, iki ölkə enerji, ticarət, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi tərəfdaşlıqlarını genişləndirmək üçün əhəmiyyətli potensiala malikdir.

“Enerji sektorunda “OPEC +” və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində, eləcə də neft, neft və qaz məhsulları ticarəti sahəsində mövcud əməkdaşlığı daha da dərinləşdirmək üçün əlverişli imkanlar mövcuddur. Bu əməkdaşlıq həmçinin karbohidrogen, neft-kimya və “yaşıl enerji” layihələrini, enerji məhsullarının tədarükü və nəqlini, birgə təşəbbüslərin həyata keçirilməsini və təcrübə mübadiləsini əhatə edən Anlaşma Memorandumu vasitəsilə təşviq olunur”, - deyən Pərviz Şahbazov bildirdi ki, Birgə İşçi Qrupunun fəaliyyəti, SOCAR və Sonatrach arasında gücləndirilmiş əməkdaşlıqla yanaşı, bu prosesdə əsas rol oynayır.

Beynəlxalq təşkilatlar arasında möhkəm nüfuzu və genişmiqyaslı tədbirlərin təşkilində geniş təcrübəsi ilə tanınan Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və Dünya Şəhər Forumu kimi böyük tədbirlərə ev sahibliyi edəcəyinə dair xəbər verən nazir əminliklə qeyd etdi ki, Əlcəzairin bu tədbirlərdə fəal iştirakı və dəstəyi əməkdaşlığımızın daha da inkişafına dəyərli töhfə verəcək.

Nazir sözlərini bu cümlə ilə tamamladı: “Əminik ki, dostluğa və əsrlər boyu davam edən ənənələrə əsaslanan Azərbaycan-Əlcəzair münasibətləri güclü təməllər və geniş imkanlarla dəstəklənən ölkələrimizin çiçəklənməsini davam etdirəcək”.

Daha sonra tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim etdi və tədbir misilsiz Əlcəzair müsiqisinin müşayiəti altında qeyri-rəsmi hissə ilə dava etdi.