“Biz Britaniyanın koloniyası deyilik” – Qırğızıstanlı deputat

11:45 28.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, fevralın 24-də Böyük Britaniya Qırğızıstanın Keremet Bankına “Rusiya hərbi sənayesinə dəstək verdiyinə” görə sanksiyalar tətbiq edib.

Hafta.az-ın yazdığına görə, bununla bağlı Qırğızıstan deputatı İshak Masiyev ciddi etuirazını bildirib. O, Qırğızıstan Xarici İşlər Nazirliyinə müraciət edərək, sanksiyalara münasibət bildirməyi xahiş edib.

“Dünya pisə doğru dəyişir, imperialist ambisiyaları canlanır. Böyük Britaniya Qırğızıstanın Keremet Bankına qarşı sanksiyalar tətbiq edib. İddialara görə, onun Rusiya ilə əlaqələri var. O zaman Rusiyada işləyən bir milyon vətəndaşımıza qarşı sanksiya tətbiq etməli idilər”, - deyə Məsiyev bildirib.

O qeyd edib ki, Qırğızıstanın Böyük Britaniya qarşısında heç bir xarici siyasət və bank öhdəliyi yoxdur.

“Biz Britaniya koloniyası deyilik. Hesab edirəm ki, Qırğızıstan Xarici İşlər Nazirliyi buna reaksiya verməlidir”, - deputat əlavə edib.

London 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayıb. Məhdudiyyətlər Mərkəzi Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin də daxil olmaqla bir sıra üçüncü ölkələrdə yerləşən dəzgahlar, elektronika və “Rusiya ordusu üçün ikili təyinatlı mallar” istehsalçıları və təchizatçılarını hədəfləyir.

Böyük Britaniyanın yeni sanksiyalar siyahısına Qırğızıstandakı “Keremet Bank” da daxil edilib.

“Biz ilk dəfə Rusiya hərbi sənayesinə dəstək verən xarici maliyyə qurumlarını hədəfə almaq üçün yeni səlahiyyətlərdən istifadə edirik. Biz Qırğızıstanda yerləşən “Keremet Bank” ASC-yə qarşı sanksiyalar tətbiq edirik ki, bu da Rusiyanın hərbi əməliyyatlarını dəstəkləmək üçün beynəlxalq maliyyə sistemindən istifadə etməsinə mane olacaq”, – Britaniya hökumətinin bəyanatında deyilir.

ABŞ da “Keremet Bank”a sanksiya tətbiq edib. Yanvarın 15-də ABŞ Maliyyə Departamenti “Keremet Bank”ı Rusiyaya qarşı tətbiqlənən məhdudiyyətlərdən yayınmada iştirakına görə sanksiyalar siyahısına daxil edib. Nazirliyin məlumatına görə, bank Rusiyanın müdafiə sənayesini maliyyələşdirən və 2022-ci ildən sanksiyalar altında olan Rusiyanın “Promsvyazbank”ı ilə əməkdaşlıq edib.