“Biz dünyada ən zərərsiz neft hasil edirik” - Nazir Xalid əl-Falih

11:00 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih ölkəsinin dünyada ən az zərərli neft hasil etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Dubayda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP28) çərçivəsində təşkil olunan Yaşıl Səudiyyə Ərəbistanı Təşəbbüs Forumunda çıxışında Falih hökumətin enerji istehsalı mənbələrini 50 faiz bərpa olunan mənbələrdən təmin etmək üçün şaxələndirə bildiyini söyləyinb.

İnvestisiya naziri qeyd edib ki, ölkəsi Səudiyyə bazarındakı bütün nəqliyyat vasitələrini elektrikə çevirmək üçün zamanla hökumət kapitalından və investorlardan on milyonlarla dollar xərcləməyi öhdəsinə götürüb. O, bunun ekoloji məsuliyyəti ifadə edən çox böyük layihə olduğunu da vurğulayıb.

Energetika Nazirliyinin karbonu daha az xərclə azaltmağı hədəflədiyini bildirən Falih, Səudiyyə Aramco-nun dünyada ən təmiz və ən az metan emissiyasına sahib olmaq üçün müəyyən standartlara uyğun sərt siyasətlər tətbiq etdiyini bildirib.

Səudiyyə Ərəbistanının NEOM bölgəsində dünyanın ən böyük yaşıl hidrogen layihəsini qurmaq üçün çalışdığını ifadə edən Falih, "İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün uğurlu təşəbbüslərin dəstəklənməsinə investisiya sektoru töhfə verir" deyib.

Nazir bildirib ki, sıfır karbon emissiyasına nail olmaq üçün enerji mənbələrinin şaxələndirilməsi və effektiv siyasətin mövcudluğu əsas şərtdir. “Bu, ölkəyə günəş və hidrogen enerjisi kimi digər ətraf mühit resurslarından faydalanma imkanı verir. Bu, həm də ölkəyə yaşıl və mavi hidrogeni digər vasitələrlə enerji istehsalının dəyərindən xeyli aşağı qiymətə istehsal etməyə imkan verəcək", - nazir deyib.