NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Qərb Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya ilə körpülər qurmağa çalışıb, lakin son illərdə yaranmış hər hansı bir etimad Rusiyanın Ukraynaya təcavüzü ilə sarsılıb.
“NATO onilliklərdir ki, Rusiya ilə daha yaxşı və konstruktiv əlaqələr inkişaf etdirməyə çalışır”, o, CNBC telekanalına müsahibəsində israr edib. “Soyuq müharibə başa çatdıqdan sonra biz Rusiya-NATO Şurası kimi təsisatlar yaratdıq, mən Norveçin baş naziri olanda xatırlayıram ki, prezident Putin NATO sammitlərində iştirak edirdi... Rusiya bütün bunlardan uzaqlaşıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, son onilliklərdə Qərb ölkələri ilə Rusiya arasında yaxınlaşma zamanı yaranmış etimad səviyyəsi Moskvanın Ukraynanı işğal etmək qərarı ilə məhv edilib. “Hərbi əməliyyatlar dayansa belə, biz Rusiya ilə hansısa normal, dostluq münasibətlərinə qayıtmayacağıq. Güvən məhv edilib”, - deyə o bildirib. Düşünürəm ki, müharibə Rusiya ilə münasibətlərə uzunmüddətli təsir göstərib”.