BMT-nin Əhali Fondu (UNFPA) dünyada əhalinin dinamikasında artım və azalmalara diqqət yetirmək əvəzinə, qadınların cinsi və reproduktiv hüquqlarının qorunmalı olduğunu bəyan edib.
Hafta.az-ın "The Telegraph"a istinadən yazdığına görə, UNFPA-nın paylaşdığı "Dünya Əhalisinin Vəziyyəti" adlı hesabatında ölkələrin doğuş nisbəti ilə bağlı siyasətlərinin ümumiyyətlə səmərəsiz olduğu və qadınların hüquqlarına zərər verdiyi vurğulanıb. "Biz siyasətçiləri və medianı əhalinin artımı və azalması ilə bağlı şişirdilmiş, həyəcanverici ritorikadan əl çəkməyə çağırırıq", - deyə hesabatda qeyd edilir. UNFPA bildirib ki, bunun əvəzində diqqət qadınların reproduktiv hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməsinə yönəldilməlidir.
Sorğuda qeyd olunub ki, dünyada qadınların 44 faizi öz bədənlərindən və doğuma nəzarət variantlarından istifadədə söz sahibi deyil.
UNFPA-dan Natalia Kanem, "Qadınların bədənləri əhali hədəfləri tərəfindən əsir götürülməməlidir" deyib. Kanem onu da vurğulayıb ki, hər il yarım milyona yaxın doğuş 10-14 yaş arası qızlar tərəfindən həyata keçirilir.
Hesabatda Nigerin 6,7 faizlə ən yüksək doğum nisbətinə malik ölkə olduğu bildirilib. Çad, Konqo Demokratik Respublikası və Somali 6,1, Mali və Mərkəzi Afrika Respublikası isə 5,8 faizlə sonrakı yerləri tuturlar.
Ən aşağı doğum nisbəti 0,6 faizlə Çinin Honq Konq bölgəsində görülüb. Honq Konqu 0,9 faizlə Cənubi Koreya, 1 faizlə Sinqapur, 1,1 faizlə Çinin Makao bölgəsi izləyir. San Marino və Arubada bu rəqəm 1,2 -dir.
Bildirilib ki, Avropa 2050-ci ilə qədər əhalinin ümumi sayının azalacağı gözlənilən yeganə yerdir.
Bundan əlavə, kişilər üçün gözlənilən ömür uzunluğu 71, qadınlar üçün isə 76 ildir.