Bolqarıstanda aparılan sorğunun nəticələrinə görə, əhalinin təxminən üçdə biri 1989-cu ilədək mövcud olmuş sosialist hakimiyyəti dövrünün həsrətini çəkir.
Hafta.az-ın yazdığına görə, Bolqarıstan Parlamentinə bağlı Milli Parlament Araşdırmaları Mərkəzinin (NZPI) kommunist rejiminin lideri Todor Jivkovun ölümündən 25 il sonra və kapitalist rejiminə keçidindən 33 il sonra açıqladığı sorğunun nəticələrinə əsasən respondentlərin 32,6 faizi “Jivkovun hakimiyyəti dövründə” yaşamaq istədiklərini bildirib.
Kommunist rejimində yaşamağa üstünlük verənlərin 53 faizi 59 yaşdan yuxarı insanlar olub.
Sorğunun təhlil bölməsində bu seçimi edənlərin əksəriyyətinin kiçik qəsəbələrdə yaşadığı və təhsil səviyyəsinin aşağı olduğu bildirilib.
Sorğuda Bolqarıstanın inkişafında ən böyük rolu olan şəxslər bölməsində ölkənin milli qəhrəmanı sayılan Vasil Levski birinci, Todor Jivkov 6-cı, qurucusu kimi tanınan Xan Asparux 7-ci yerdədir.
Sorğuda son 33 ildir davam edən dövrə üstünlük verənlərin nisbəti yüzdə 28,1 olaraq qalıb. Bu cavabı verənlərin əksəriyyətinin 30-39 yaş qrupunda olduğu qeyd edilib.
Respondentlərin 9,6-sı keçmiş Sovet İttifaqının Qırmızı Ordusunun dəstəyi ilə 1944-cü ildə hakimiyyətə gələn kommunist rejimindən əvvəlki çar dövrünün həsrətində olduqlarını bildiriblər.
Sorğuda iştirak edən vətəndaşların 7,9 faizi “seçmək hüququm olsaydı, Bolqarıstanda yaşamazdım” cavabını verib.