Bosniya xalqı heç vaxt Aliya İzzətbekoviçi unutmayacaq

12:45 19.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bosniya və Hersoqovinanın keçmiş prezidenti Aliya İzzətbekoviçin vəfatının 18-ci ilidir. Hafta.az-ın yazdığına görə, məhz bu gün – 2003-cü il oktyabrın 19-da 78 yaşında dünyasını dəyişən İzzətbekoviç özündən sonra millətini üçün müstəqil Bosniya və Hersoqovina adlı dövlət qoyub gedib.

Büyük fikir və dövlət adamı olan Aliya İzzətbekoviç 1925-ci il avqustun 8-də Bosniya və Hersoqovinanın Bosanski Şamats (Šamac) qəsəbəsində doğulub. Atası Mustafa, anası isə Hiba xanım olub. Ailədəki beş uşaqdan biri olan Aliya babasının adını daşıyıb.

Hə, bu yerdə, Aliyanın babası Osmanlı dönəmində İstanbulda əsgərlikdə olarkən üsküdarlı türk qızı Siddiqə ilə evlənmişdi.

İzzətbekoviç Avropada türk və müsəlman bosniyalı kimliyi ilə var olmağa çalışan xalqının həyatda qala bilmə mücadiləsinə liderlik edib. Yaşadığı illərdə məhz əxlaqı, prinsipləri və insani dəyərləri ilə anılan, xalqına örnək olmağa səy göstərən İzzətbekoviçin ölümü dünyanın çox sayda ölkəsindən 150 minə yaxın insanı dəfn mərasiminə gətirib...

Aliya hələ kiçik yaşlarında ailəsi ilə birlikdə Sarayevoya köçüb, təhsilini burada alıb. O, bütün gəncliyi dövründə Yuqoslaviyada müsəlmanlara aşağı təbəqə kimi baxıldığının şahidi olub və hər zaman buna qarşı çıxıb. II Dünya Müharibəsində xorvat rejiminin işğal etdiyi Bosniya və Hersoqovinada müsəlmanların milli kimliyi nəzərə alınmırdı və onlara çox zülmlər edilirdi.

Həmin dövrdə serb millətçi dəstələri də müsəlman bosniyalıları qətlə yetirirdilər. İstər xorvatların, istərsə də serblərin məqsədi bölgəni müsəlmanlardan təmizləmək olub.

Aliya hələ Yuqoslaviya dönəmində müsəlman xalqının savadlı və məlumatlı olmasına çalışırdı. O, “Mladi musəlmanı – Gənc müsəlmanlar” hərəkatına ön plana çıxmağa başlamışdı. İşğalın ardından xalqın yaşadığı çətinlikləri azaltmaq üçün yardım və dəstək fəaliyyətləri də yürüdüb. Hətta bu işlərinə görə, Aliya və bəzi dostları “dinin oyandırılmasına cəhd” ittihamı ilə 1946-cı ildə həbs də ediliblər.

Kommunist Jozeb Broz Titonun dönəmində bosniya xalqının haqları uğrunda mücadilə edən Aliya, bir çox qəzetdə fəqli imzalarla köşə yazıları yazıb. Titonun 1980-ci ildə ölməsi ilə İslam dini Yuqoslaviya “narahatlıq” yaratmağa başlayır. Aliya İzzətbekoviç, 1983-cü ildə 12 dostu ilə birlikdə yenidən həbs olunur. “Sarayevi prosesi” olaraq tarixə keçən əhkəmə onu 14 il müddətinə həbsə məhkum edir. Amma o, sakit dayanmır və zindandaykən “Azadlığa qaçışım - Zindandan qeydlər: 1983-1988” adlı kitabını yazır. 1988-ci ildə əfv olunandan sonra azadlığa çıxır və kitabını yayımlayır.

Aliya İzətbekoviç 1990-cı ildə bosniyalıların qurduğu Demokratik Mübarizə Partiyasının (SDA) ilk sədri seçilir. SDA ilə girdiyi ilk seçkidə qazanılan uğur Aliya İzzətbekoviçi Yuqoslaviyanın tərkibində Bosniya və Hersoqovinanın ilk prezidenti edir.

Yuqoslaviya 1990-1991-ci illərdə dağılarkən başlayan vətəndaş müharibəsi bölgədəki bütün xalqları öz gələcəklərini təmin etmək üçün mübarizəyə qaldırdığı bir vaxtda, Bosniyada da müstəqil dövlət qurulma prosesinə start verilib. Amma Bosniyadakı serblərin lideri olan Radovan Karadziç kimi siyasətçilər bu mübarizənin əleyhinə çıxdılar. Buna baxmayaraq, 1992-ci il martın 1-də müstəqillik üçün referendum keçirildi. Serblərin baykot etdiyi seçkidə  əhalinin 99,7 faizi müstəqil Bosniya və Hersoqovinanın yaradılmasına səs verdi. Amma məlum olduğu kimi, silahlanmış serb yarımhərbi dəstələri əhalinin üzərinə hücuma keçdilər. Təbii ki, məhz İzzətbekoviçin liderliyində müsəlmanlar da onlara qarşı müdafiə qüvvələrini yaratdılar.

Serb silahlı dəstələri müharibə boyunca qadın və uşaqları öldürdülər, silahsız xalqa qarşı sözün əsl mənasında soyqırım törətdilər. Bosniyalıları evlərindən çıxarıb hara gəldi sürgün etdilər, qadınlara təcavüz etdilər, əsir düşərgələri qurub insanlara min cür əzab verdilər orda.

Ən pisi odur ki, həmin dövrdə serblərlə yanaşı, həm də xorvatlar müsəlmanlarla döyüşürdü.

Müharibə 1995-ci ildə Deyton Sazişi ilə sona çatanda, artıq 200 min insan öldürülmüş, 1 milyondan çox adamsa qaçqın olmuşdu.

Müharibədən sonra Aliya İzzətbekoviç Bosniya və Hersoqovinanın ilk prezidenti seçildi və bundan sonra da, ömrünün sonunadək bosniyalıların haqq və hüquqları uğrunda mübarizəsini davam etdirdi, bosniyalılara qarşı törədilən soyqırımların dünyada tanıdılmasına çalışdı.

Müstəqil Bosniya və Hersoqovina dövlətinin qurucusu olan Aliya İzzətbekoviç 19 oktyabr 2003-cü ildə paytaxt Sarayevoda 78 yaşında vəfat edib. O, öz vəsiyyətinə əsasən Sarayevodakı Kovaçi Şəhidlər Xiyabanında dəfn olunub.

Oxunma sayı 408