“Bu gün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Zəngilanda, Qubadlıda böyük quruculuq işləri gedir. Artıq görülən işlər öz bəhrəsini verməkdədir və işğaldan azad olunmuş ərazilərdə ilk hava limanı fəaliyyətə başladı. Bu onu göstərir ki, Böyük Qayıdışın başlanması istiqamətində bütün imkanlar səfərbər olunub”. Bunu hafta.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib.
Professor qeyd edib ki, böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir: “Bu rayon müxtəlif növ faydalı qazıntı yataqları, tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Bu bölgələrdə təbii turizm potensialı daha çoxdur. Həm də bu bölgələr sərhədyanı zolaqda yerləşir. Təkcə Bakı şəhərindən deyil, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə hava limanlarının inşası gələcəkdə turimzin inkişafı baxımından çox əhəmiyyətlidir. Turizmin inkişafında müstəsna rol oynayan amillər – hava limanları, nəqliyyat yolları və rahat gediş-gəlişdir. Turizm infrastrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Keçmiş məcburi köçkünlər iş yerləri ilə təmin ediləcək. Digər tərəfdən, hava limanlarının inşası ilə gələcəkdə yükdaşıma imkanları daha da artacaq. Gələcəkdə Qarabağdan və ya Qarabağa yükdaşıma imkanlarının artmasına səbəb olacaq. Ölkənin və dünyanın mərkəzi şəhərlərindən oraya təyyarələr uçacaq. Yükdaşıma Qarabağda kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üçün də önəmli amildir. Qarabağdakı meyvə məhsullarını xarici ölkələrə aparmaq üçün hava limanı birbaşa əlaqə deməkdir. Bu, xarici ölkələrlə əlaqələrimizin inkişafına da yeni təkanlar verəcək, hətta sərnişindaşımanın özü də mühüm əhəmiyyət kəsb edir. Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının istifadəyə verilməsi Bakının yükünü azaldacaq. Burada mühüm nəqliyyat əlaqələri formalaşdırılacaq. Füzulidən, Zəngilandan, Laçından Türkiyəyə, Rusiyaya birbaşa reyslər açılarsa, bu əlaqələrin daha da inkişafı deməkdir. Ona görə də əhalinin daşınması, yükdaşıma, xariclə iqtisadi əlaqələrin qurulması və turizmin inkişafı baxımından bu ərazilərdə hava limanlarının istifadəyə verilməsi böyük əhəmiyyətə malik olacaq”.