Bu gün cənab Prezidentin 60 illiyini tamam fərqli qarşılayırıq - Mənsum İbrahimov

15:19 24.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezidentimiz 2003-cü ildə hakimiyyətə gələn gündən Ulu Öndərin, Ümummilli Liderin siyasətinə sadiq qalacağını elan etdi. Elə də oldu. Azərbaycan həqiqətən sürətlə inkişaf eləməyə başladı. Ulu Öndər 1993-cü ildə hakimiyyətə gələndə o bünövrəni qoymuşdu. Ulu Öndər Azərbaycanı dağılmaqdan xilas elədi, yenidən qurdu və davamçısı İlham Əliyevə həvalə etdi.  Xalqımız İlham Əliyevə inandı, onu yekdilliklə seçdi. Biz öz seçimimizdə yanılmadıq. Bu gün Prezidentimizlə fəxr edirik.

Bu fikirləri hafta.az-a xalq artisti Mənsum İbrahimov deyib:

“Prezident hakimiyyətə gələn gündən dövlətin güclü iqtisadiyyatını və ordusunu yaratdı. Ordumuz müasir silahlarla təchiz edildi. Gənclərimizin vətənpərvər ruhda böyüməsində böyük işlər gördü, daxili və xarici siyasətdə böyük uğurlar qazandı.

2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində 30 il həsrət qaldığımız torpaqlarımızı düşmən işğalından azad etdi. 44 gün ərzində məhz İlham Əliyevin ətrafında Dəmir Yumruq kimi birləşərək torpağımızı azad etdik. Əlbəttə,  biz buna görə sərkərdəmizə, Ali Baş Komandanımıza, cənab Prezidentə təşəkkür edirik.  Onun rəhbərliyi ilə döyüşən igid Ordumuza, Şəhidlərimizə, Qazilərimizə borcluyuq.

Azərbaycan bütün dünyada qələbə çalmış xalq, Cənubi Qafqazın lider dövləti kimi tanınır. Əlbəttə ki, bu, cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Cənab Prezidentlə bərabər birinci vitse-prezident Mehriban xanım Əliyevanın  dəstəyi ilə aparılan islahatlar, böyük Muğam Televiziya müsabiqələri, beynəlxalq muğam festivalları millətimiz üçün yüksək dəyərə malikdir. Təsadüfi deyildir ki, cənab Prezidentin rəhbərliyi ilə qələbəmizdən 6 ay sonra Şuşada “Xarıbülbül” festivalında iştirak etdik. Mən mayın 28-i, Müstəqillik Günümüzdə bir ağdamlı kimi Ağdamın təməlqoyma mərasimində iştirak etdim. Bundan böyük xoşbəxtlik ola bilməz. Bu gün cənab Prezidentin 60 illiyini tamam fərqli bir formada qarşılayırıq. Bunların hamısı ölkənin liderinin yaratdığı fərqlilikdir. Prezidentimiz Vətənini, Millətini çox sevir. Ona cansağlığı, ailə xoşbəxtliyi arzulayıram.Canı sağ olsun ki, millət, dövlət olaraq Qarabağı yüksək ruhumuzla yenidən quraq və o yerlərdə xoşbəxt yaşayaq”.