Bu gün Ukraynada Ləyaqət və Azadlıq Günü qeyd edilir

14:50 21.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“21 noyabr tarixi Ukrayna xalqının yenilməzliyini, öz seçimini, azadlığını və gələcəyini qoruya bilməsini simvolizə edən bir gündür. Ləyaqət və Azadlıq milli ideyamızın əsasıdır, xalqı birləşdirməyə, müdafiəni səfərbər etməyə, qələbələrə ruhlandırmağa qadir qüvvədir. Ukraynalılar bu ideyanı reallığa çevirdilər, Ukraynanın Avropa inkişaf yolunu, Avropa və Avroatlantik inteqrasiya kursumuzun tərgitməzliyini qurdular”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev öz sosial səhifəsində yazıb.

Diplomat yazıb: “Ukraynalılar bu gün dərk edirlər: azad və ləyaqətli olmaq - ölkənizə, cəmiyyətinizə, sevdiklərinizə qarşı məsuliyyətli olmaq deməkdir. Narıncı inqilab və ləyaqət inqilabı milli quruculuğun, həmrəyliyin, birlik və qarşılıqlı dəstəyin mühüm tarixi mərhələsinə çevrildi. Onlar sübut etdilər ki, biz insanlığı, qarşılıqlı hörməti, öz gücümüzə və ortaq amalımıza inamı qoruyaraq istənilən təhlükəyə qarşı durmağa hazırıq.

Maydanlar Ukraynanı əbədi dəyişdilər. Dünyaya xatırlatdılar ki, demokratiya, azadlıq və insan haqlarına hörmət mücərrəd anlayışlar deyil - Ukraynalıların hər gün uğrunda mübarizə apardıqları real dəyərlərdir”.

Səfir Yuriy Husyev bu gün gözəl gündə Ukraynanın azadlığı uğrunda güc, sağlamlıq və həyat verən hər kəsə xitabən yazıb: “Həlak olanları xatırlayır və mübarizəyə davam edənləri dəstəkləyirik. Ukrayna xalqı sübut etdi və hər gün sübut etməkdə davam edir: layiqli və azad olmaq bizim ortaq seçimimiz və yolumuzdur!”.