Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Salman bin Əbdüləzizin himayəsi altında Ümumdünya Poçt İttifaqının (ÜPİ) 4-cü Fövqəladə Konfransı işə başlayıb.
Hafta.az-ın yazdığına görə, 190-dan çox ölkənin iştirak etdiyi konfransı Səudiyyə Ərəbistanının nəqliyyat naziri Salih əl-Casir açıb. Casir açılış nitqində ölkəsinin bu mühüm tədbirə ev sahibliyi etməkdən məmnunluq ifadə edərək deyib: “Səudiyyə Ərəbistanı hökuməti Ümumdünya Poçt İttifaqına üzv dövlətlər arasında əməkdaşlığın artırılmasında, poçt xidmətlərinin göstərilməsi standartlarının təkmilləşdirilməsində, elektron ticarətin dəstəklənməsində, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasında və poçt və logistika sahəsində ən yaxşı innovativ texnologiyaların tətbiqində maraqlıdır”.
Casir ölkədə poçt sektorunun fövqəladə transformasiyasında 2030-cu il hədəflərinin rolunu vurğulayıb, Nəqliyyat və Logistika Xidmətləri üzrə Milli Strategiyanın 2021-ci ildə vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən başladığını xatırladıb. Nazir əlavə edib ki, bütün sektorlar üzrə nəqliyyat və logistika sistemi əməliyyat səmərəliliyi, performans göstəriciləri və iş yerlərinin artımında böyük islahatların və keyfiyyət sıçrayışlarının şahidi olub.
Ümumdünya Poçt İttifaqının baş direktoru Masahiko Metoki bildirib ki, Ər-Riyadın ev sahibliyi etdiyi konfrans poçt sektorunda qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və müxtəlif sahələrdə inkişaf imkanlarını araşdırmaq məqsədi daşıyır.
“Biz bu fövqəladə konfransı poçt sektoru üçün bəzi islahat məsələləri üzrə ümumi qərara gəlmək və yeni üzvlərin ittifaqa qəbul olunmasını müzakirə etmək üçün keçiririk”, - Metoki əlavə edib.
Oktyabrın 5-dək davam edəcək beş günlük konfrans yeni üzvlərin təşkilata qəbulu yollarını və qlobal poçt sisteminin üzləşdiyi aktual problemlərin həlli imkanlarını araşdıracaq.
Konfransda poçt xidmətləri istifadəçiləri, şirkətlər və hökumətlər üçün birgə əməkdaşlıq imkanları müzakirə olunacaq, həmçinin tendensiyalar, anlayışlar və innovativ strategiyalar nəzərdən keçiriləcək.