Bu ilin ilk dörd ayında Çinin Şimal-Qərbi Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos sərhəd-keçid məntəqəsində illik müqayisədə 1,2 faiz artımla ümumilikdə 13,891 milyon ton idxal və ixrac yükü daşınıb. Xorqos Gömrük İdarəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Hafta.az-ın yazdığına görə, hesabat dövründə sözügedən keçid məntəqəsi vasitəsilə idxal olunan malların çeşidini əsasən elektromexaniki məmulatlar, emal olunmamış mis və mis materiallar, kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları, metal filizi, konsentrat və sair təşkil edib. Eyni zamanda, ixrac əsasən yeni enerji daşıyıcıları, elektromexaniki və yüksək texnologiyalı məhsullar, geyim və digər məhsullarla təmsil olunub.
Yerli Jinyi Beynəlxalq Ticarət Şirkəti İdarə Heyətinin sədri Yu Çenqzhonqun sözlərinə görə, onun şirkəti əsasən Mərkəzi Asiya ölkələrinə və Rusiyaya kənd təsərrüfatı məhsulları, istehlak malları, avtomobil və sair ixracı ilə məşğul olur. Gündəlik orta hesabla 1000 tondan çox yük ixrac edilir.
Onun sözlərinə görə, son illər “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlıq dərinləşdikcə, Mərkəzi Asiya ölkələrinin bazar tələbatı, xüsusən də kənd təsərrüfatı məhsulları və gündəlik mallara tələbat xeyli artıb.
Xatırladaq ki, Xorqos Qazaxıstanla sərhəddə yerləşib, Çinin qərb regionunda ən uzun tarixə və ən böyük yük daşıma həcminə malik ölkənin birinci dərəcəli quru limanıdır. Bu gün Xorqosdan 18 ölkəni birləşdirən 87 beynəlxalq yükdaşıma marşrutu keçir.