“Bu müharibə jurnalistlərimiz üçün təcrübə oldu” - Mahir Məmmədli - Xüsusi müxbir

11:17 05.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Həftə içi” Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsini, müharibə cinayətlərini və bu gün də davam edən Vətən Müharibəsinin xəritəsini medianın gözü ilə izləyəcək. Bugünkü  jurnalist “bələdçimiz” müharibənin ilk vaxtlarından hadisələrin içində dayanaraq, ölkə ictimaiyyətini məlumatlandıran jurnalist, Real TV-nin redaktoru Mahir Məmmədlidir.  

- Mahir bəy, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bu gün vahid bir gücdür. Belə bir vaxtda jurnalistlərimizin öhdəsinə, xüsusilə böyük məsuliyyət düşür. Bir jurnalist kimi hadisələrin içində olmaq, vəziyyəti canlı izləyərək döyüş səhnələri ilə yanaşı, ölüm-itim  xəbərlərini yaymaq başqa bir cəsarət tələb edir. Bu mənada nələri söyləyərdin?

- Sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi qüvvələrinin təxribatları  nəticəsində cəbhədən xeyli uzaqda yerləşən yaşayış məntəqələrimiz aramsız atəşə tutuldu. Azərbaycan Ordusunun əks-hücumları nəticəsində  erməni təxribatlarının cavabı verilirdi, amma Ermənistan öz cinayətlərindən əl çəkmək istəmirdi. Elə ilk günlərdən Real TV-nin əməkdaşı olaraq bölgəyə - Goranbaya ezam olundum. Əsasən Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulurdu. Ermənistan silahlı qüvvələri kəndə yaxın olduğundan, ilk vaxtlar ərazini əsasən top atəşinə tuturdular. Ordumuz irəliləyəndən sonra, artıq mülki ərazilərimizi topla atəşə tuta bilmirdilər və bu dəfə raketlər atılırdı. Sonra  düşmən Naftalanı raket atəşinə tutdu və nəticədə, bir ailənin 5 üzvü həlak oludu. Bütün bunlar çox ağır və dəhşətdoğuran məqamlardır.

Ermənistanın Goranboya atdığı toplar xeyli sayda yaşayış məntəqələrini dağıtmaqla yanaşı, rayonda ağır fəsadlar törətdi. Erməni öz vəhşiliyini, vandallığını bir daha əyani olaraq ortaya qoydu. Goranboy döyüş zonası deyildi, orada əsgərlər döyüşmürdü. Lakin Ermənistan dinc vətəndaşlarımızı atəşə tutur, daha çox dağıntı törətmək, daha çox həyəcan yaratmaq məqsədilə atırdılar.

Mənim ezam olunduğum bölgədə döyüş əməliyyatları çox getməsə də,  şahidi olurduq ki, Ermənistanın mülki əhaliyə qarşı istifadə elədiyi silahlar qadağan olunmuş silahlardır. Beləliklə, ermənilər oktyabrın 4-də Gəncəyə raket atmağa başladılar. Gəncənin iki yerinə “toçka - u” başlıqlı raketlər atılmışdı.  Hadisə zamanı şəhərdə dağıntılar baş verdi və həmin vaxt 1 nəfər həlak oldu.  Gəncə davamlı olaraq raket atəşinə məruz qaldı. Oktyabrın 5-də,  8-də növbəti dəfə “toçka - u“ raketlərindən istifadə etdilər. Oktyabrın 11-də Gəncəyə atılan “Elbrus” sistemli raket şəhərdə genosid törətdi. Ermənistanın mülki əhalinin yaşadığı əraziyə qadağan olunmuş raketlər atması hərbi cinayət hesab olunur.  Həmin raket atəşi zamanı, demək olar ki, 3 bina tamam, 1- i isə qismən dağılmışdı. 10-dan çox mülki vətəndaşımız həlak oldu, xeyli yaralılar var. Ən dəhşətli səhnə o idi ki, hadisə zamanı 3 uşaq hər iki valideynini itirmişdi. Oktyabrın 18-də yenə də Gəncəyə qadağan olunmuş “Elbrus” raketi atıldı. Ümumilikdə,  erməni hərbi cinayətkarlığı nəticəsində Gəncəyə atılan  raketlər 26-dan çox mülki vətəndaşımızın həyatına son qoydu, 135-dən çox yaralımız oldu. Təxminən, 40-a yaxın ev tamamilə dağıldı və hazırda o insanlar müvəqqəti sığınacaqlarda yerlşdiriliblər. Heç şübhəsiz ki, o evlər tikiləcək, lakin doğmalarını itirən insanlar bu genosidi unutmayacaqlar. Ermənistan  mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərə görə öz cəzasını almalıdır.

- Sən Ermənistanın Azərbaycanda müharibə cinayətlərini törətdiyi məkanlarda çəkilişlər aparıb, hadisələri işıqlandırmısan. Deyilə bilər ki, bir jurnalist üçün bu normaldır.  Vətən Müharibəsinin getdiyi ölkənin jurnalisti kimi təcavüzün doğurduğu qanlı-qadalı hadisələri izləyib, o informasiyaları soyquqqanlı şəkildə ictimaiyyətə ötürmək necə mümkün ola bilir?

- Təbii ki, Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması heç bir ölçüyə sığmır. Mən özüm əslən Gəncə şəhərindənəm. Doğulub boya-başa çatdığım şəhər atəşə tutulurdu. Bu baxımdan,  hadisələri sakit qarşılamaq çox çətin idi. Biz jurnalistik və həmin anlarda çalışmalıydıq ki, verdiyimiz xəbərlərlə  tamaşaçıda, insanlarda təşviz yaratmayaq. Ona görədə bacardığımız qədər soyuqqanlı olmağa borcluyuq. Hadisə baş verəndən bir neçə dəqiqə sonra hadisə yerinə getdik. Orda dağıntılar altından çıxarılan qadın, qoca və körpələrin cansız bədənlərinin çıxarılmasına şahidlik etmək, heç bir insanın sakit qarşılayacağı məqam ola bilməz. Çox çətin olur, o səhnələri izləmək və sonra da kamera qarşısına keçib xəbərini vermək.. Təbii ki, bunu görmək mənim üçün çox ağır idi, amma qeyd etdiyim kimi, insanlarda təşviz yaratmaq olmaz və soyuqqanlılığı qorumaq lazımdır.

- Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, bizdə psixoloji olaraq qan-qada ilə rastlaşmağa hazır olan, özünü odun-alovun içinə atıb xüsusi kadrlar hazırlayan jurnalistlər yoxdur. Necə hesab edirsən,  27 sentyabrdan başlayan hərbi proses bizim jurnalistlərimizə, repartyorlara hansı təcrübəni aşılayır, nəyi öyrədir?

- Təbii ki, bizdə müharibə jurnalistikası Türkiyədə olduğu qədər inkişaf etməyib. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra, Aprel döyüşlərini istisna etməklə,   hərbi əməliyyatlara çox az getmişik.  Təbii ki, bizdə müharibə jurnalistikası inkişaf eləməmişdi. Son hadisələrdə şahidi oldum ki, digər televiziya kanallarından olan həmkarlarım, sayt əməkdaşları tam hadisələrin məkəzində idilər və heç nədən qorxmurdular. Ermənistan müharibə cinayətləri törədən bir terror dövlətidir. Bu cinayətkarın atəş açdığı yerə insanlar yığışdıqdan sonra, yenidən atəş açması istisna deyildi.  Buna baxmayaraq bizim jurnalistlər hadisə baş verən andan hadisə yerində işləməyə çalışırdılar. Mən görürdüm ki, jurnalistlərimiz  xilasedicilərə də kömək edirdilər ki, insanları dağıntılar altından çıxarsınlar. Dağıntılar altında qalan insanları bir saniyə belə gec çıxarmaq onların ölümü ilə nəticələnə bilərdi. Təbii ki, bu hadisələr bizim jurnalistlərimiz üçün də bir dərs , təcrübə oldu. Təxminən, 40 günə yaxındır ki, döyüşləlr gedir və mən düşünürəm ki,  Azərbaycanda  hərbi jurnalistikanı seçən jurnalistlər çoxalıb.

- Mahir bəy, Cenevrə Konvensiyasına görə jurnalistlər həm də mülki şəxslər hesab olunurlar. Müharibədə jurnalistin bir mülki şəxs kimi təhlükəsizliyinin qorunması özünün öhdəsinə düşür.  Məsələyə bu aspektdən baxanda o zaman Azərbaycan hərbi jurnalisti necə davranmalı, özünü necə qorumalıdır?

- Müharibə ilk başlayan vaxtlarda belə problemlər olurdu. Tutaq ki, partlayış baş verirdi və həmin əraziyə gələn  jurnalistlərin bir çoxu təhlükəsizlik  jiletindən, kaskadan  istifadə eləmirdi. Bir müddət keçdikdən sonra isə jurnalistlər də başa düşdülər ki, onlar özlərinin təhlükəsizliyini qorumalıdırlar.  Ermənistan üçün atəşə tutduğu ərazidə qadın, uşaq, qocanın yaşamasının fərqi yoxdur, onun üçün jurnalist də hədəfdir. Biz gördük ki, Tapqaraqoyunluda ermənilər jurnalistlərin avtomobilini necə atəşə tutdular. Yəni bunar üçün heç bir dəyər, əxlaq yoxdur.  Ermənistanın apardığı bu müharibədə heç bir əxlaq normaları yoxdur. Ona görə də jurnalist özü-özünü qorumalıdır. Təbii ki, Azərbaycanın dövlət qurumları, hüquq-mühafizə orqanları jurnalsitlərin təhlükəsizliyi üçün xeyli tədbirlər görürlər. Dövlətin qabaqlayıcı tədbiləri və bizim jurnalistlərin püxtələşməsi nəticəsində bu günə qədər aralarımızda itki olmayıb. Siz də bilirsiniz ki, həmkarlarımız arasında xəsarət alanlar oldu. Müharibədə təhlükəsizliyi qorumaq çətin olsa da, gərək hüquq-mühafizə orqanları, jurnalistlərin özü də elə etsinlər ki, Azərbaycanda jurnalistlər müharibə qurbanlarına çevrilməsinər.

- Erməni cinayətlərinin dünyada göstərilməsi, informasiya sərhədlərinin aşılmasında Türkiyə mediası ilə yanaşı, Azərbaycan mediasının rolu hansı səviyyədədir?

- Həqiqətən də, Azərbaycanda baş verən hadisələrin dünyaya çatdırılmasında Türkiyə jurnalsitlərinin xidmətləri daha böyükdür.  Türkiyə inkişaf etmiş ölkədir və dünyada Türkiyənin televizya kanallarını izləyənlərin sayı çoxdur. Türkiyənin peyki daha qədimdir və Türkiyə kanallarının sayı da çoxdur.   Azərbaycan televiziya kanalları arasında rus, ingilis dilində aparılan verilişlərinin də xidmətləri var. Prezident də qeyd  etdi ki, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə jurnalsitlərinin xidmətləri çox böyükdür.

- Bir jurnalist kimi, döyüş bölgəsində lap içərilərə doğru getmək istərdinmi?

- Əlbəttə ki,  getmək istərdik.  Azərbaycanda dövlət vətəndaşını qorumaq məqsədilə jurnalistlərin birbaşa döyüş bölgəsinə daxil olmamasına çalışır. Bu, həm də ordumuzun özünün təhlükəsizliyi baxımından labüddür. Azərbaycanda sosial şəbəkələrə məhdudiyyət olsa da, insanlar nə qədər təhlükəli olsa da VPN-dən istifadə edərək məlumatlar yayırlar. Təbii ki, bu da bizim xeyrimizə işləmir.  İndi  görürsən ki, sosial şəbəkələrdə döyüş yerlərindən məlumatlar verilir, koordinatlar yayılır.  Bu da müharibədə ən böyük yanlışlıqlardan biridir. Biz də öz işimizdə çalışırdıq ki,  hadisə baş verən yerləri bildirməyək. Bəzən deyirdilər ki, niyə bizim jurnalistlər partlayış olan yerdən çıxıb, yeri demirlər. Bilmək lazımdır ki, Ermənistan raketi atır, bəlkə də bilmir hara düşür. Biz o yeri deməklə, yenidən həmin əraziyə atəş atılmasına şərait yarada bilərik. Ona görə də jurnalistlər də, vətəndaşlar da çalışmalıdırlar ki, yaydıqları videolara diqqət etsinlər. Bu gün Azərbaycan ordusu xeyli irəliləyib,  əməliyyatlar çox dərində getdiyinə görə  bizim jurnalistlərimiz döyüş yerlərindən aralı düşüblər. Burda da biz elə gəlir ki, sakitlikdir.

- Qələbəyə nə dərəcədə yaxınıq?

- Bildiyimiz kimi, Prezident hər dəfə bir neçə kəndlərin azad olunması ilə bağlı məlumatlar verir.  Bilirik ki, bu məlumatlar o zaman çatıdırlır ki, artıq Azərbaycan Ordusu həmin yerlərdə möhkəmlənir və təhlükə olmur. Prezident də deyib ki, hər bir açıqlamanın vaxtı var. İnanırıq ki, yaxın günlərdə yenə də xoş xəbərlər eşidəcəyik. Ordumuza güvənirik.

- Döyüş bölgəsində olan jurnalist həmkarlarımıza nə deyərdin?

- Mən artıq qayıtmışam, Bakıdayam. Yəqin, lazım olarsa, yenə döyüş bölgəsində olacağam. Əsas odur ki, özlərini qorusunlar. Çalışsınlar ki, ordumuza, vətəndaşlarımıza xələl gətirən informasiyalardan çəkinsinlər. “Birinci xəbəri mən çatdırım”, - deyə ordumuzu, vətəndaşlarımzı təhlükəyə atmasınlar...

 

Oxunma sayı 275