Bu tarixlər vahid tamın ayrılmaz hissələridir - Aydın Mirzəzadə

14:43 06.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şuşanın işğaldan azad edilməsi Azərbaycan-Ermənistan münaqişəsində çox ciddi bir dönüş nöqtəsi oldu”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə 8 noyabr Zəfər günü və həmin ərəfələrdə baş verən mühüm hadisələrə diqqət çəkərkən bildirib.

 A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Şuşanın azad olunmasına qədər artıq Ermənistan tərəfindən işğal olunan ərazilərin əhəmiyyətli bir hissəsini azad etmişdi. Ermənistan Azərbaycanın hərbi gücünə tab gətirmir, işğal etdiyi ərazilərdə olan hərbi kontingenti və Ermənistanda böyük çaşqınlıq yaratmışdı. Ən əsası ermənilərin Azərbaycan torpaqlarının Ermənistan torpaqları olması ilə bağlı iddiaları darmadağın edilirdi. 

A.Mirzəzadə 8 noyabr zəfərindən cəmi 2 gün sonra imzalanan üçtərəfli bəyannaməyə diqqət çəkib və Ermənistanın daha 3 rayonu hərbi əməliyyatlar olmadan azad etməklə bağlı öhdəliyini qeyd edib. Deputat bildirib ki, məhz bununla da Azərbaycan özünün ərazi bütövlüyünə olan inamını reallıqda ortaya qoydu. Azərbaycan yeni bir siyasi hərbi, diplomatik reallıq yaratdı. Ermənistanın  Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün bir çox ciddi öhdəliklər götürməsinə nail oldu.

“8 noyabr Şuşanın azad olunması günü, Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Hər il 8 noyabrda Azərbaycan xalqı Şəhidlərin ruhunu hörmətlə xatırlayır, müharibə iştirakçılarına öz ehtiramını göstərir və yeni dönəmdə Azərbaycanın qüdrətinin simvolu olan Zəfər Bayramını böyük təntənə ilə qeyd edir”.

A.Mirzəzadə bildirib ki, 8 noyabr Şuşanın işğaldan azad edilməsi və 10 noyabr üçtərəfli bəyannamə Azərbaycanın suverenliyinin bərpa edilməsində çox ciddi rol oynadı.

“Əgər Ermənistan Qarabağ torpağının Ermənistana aid olduğunu iddia edirdisə, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edirdisə, 10 noyabr 2020-ci ildən sonra Proseslər artıq Azərbaycanın bütün əraziləri üzrə suverenliyinin bərpa edilməsi istiqamətində getdi. Sonradan bir sıra yüksəkliklərimizin nəzarət altına götürülməsi, Laçın sərhəd keçid məntəqəsinin qurulması və 1 günlük antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan tam qələbə qazanmaqda israrlıdır və torpağının bir qarışını heç kimə güzəştə getməyəcək”.

A.Mirzəzadə 8 noyabr Zəfər Günündən sonra 9 noyabr Dövlət Bayrağı Gününün gəlişini təsadüfi saysa da, bu tarixləri bir-birinə yaxın, vahid tamın hissələri adlandırıb.

“Bayraq bizim adımız, kimliyimiz, möhtəşəm, şanlı tariximizin göstəricisidir. Zəfər Günü,  Bayraq Günü vahidlik təşkil edir. Bu 2 gün ərzində Azərbaycan xalqı özünün müstəqilliyi, özünün qüdrətli dövləti, qəhrəman silahlı qüvvələri, görkəmli lideri ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş daxili-xarici siyasətinin təntənəsi ilə bir daha fəxr edəcək”.

Siyasət rubrikasından digər xəbərlər