Müəllimlərin sosial-rifah halını yaxşılaşdırmaq məqsədi ilə maaşların artırılması təhsil sahəsində çalışmaq istəyənlərin sayına da müsbət təsir göstərib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.
Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.
Bəs ali təhsil müəssisələrində müəllimlərin maaşında artım oldumu?
BSU-nun Mətbuat Xidmətinin rəhbəri Mənsur İbrahimov saytımıza açıqlamasında dedi ki, bu məsələ Azərbaycan Respublikası Təhsil Nazirliyinin oktyabrın 9-da keçirilən Kollegiya iclasında müzakirə edilib: “Kollegiya iclasında bütün universitetlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət hesabına təhsil alan tələbələrin təhsil haqlarının artırılması ilə bağlı müvafiq Sərəncamından istifadə etməklə sentyabrın 1-dən əmək haqlarının artırılması tövsiyə edilib. Professor-müəllim heyətinin əmək haqlarının 30%, inzibati-təsərrüfat işçilərinin əmək haqlarının isə 20% artırılması nəzərdə tutulur. Əmək haqlarının artımı oktyabrın 1-dən həyata keçiriləcək. Lakin universitetlərin tələbələrinin və əməkdaşlarının ümumi sayı nəzərə alınmaqla, bu artım 10-15% də ola bilər. Bu tövsiyəni nəzərə alaraq oktyabrın 1-dən digər ali təhsil müəssisələrində olduğu kimi, Bakı Slavyan Universitetində də əmək haqları artırılacaq”.
Azərbaycan Dillər universitetinin mətbuat xidmətindən isə bildirdirildi ki, maaşların artımı universitetlər üçün nəzərdə tutulacaq ya yox, bu haqda məlumat yoxdur. Ümümiyyətlə ADU-də müəllimlərin sosial –rifah halını yaxşılaşdırmaq üçün mütəmadi işlər aparılır, addımlar atılır. Maaş artımında da özünü göstərir. Eyni zamanda müəllim həmkarlar təşkilatı vasitəsi ilə də dəstəklər olunur. Əlamətdar günlərdə - bayramlarda universitet rektorunun qərarı ilə müəllim heyətinə müyyən vəsait maaşına əlavə edilir. Universitet öz imkanı daxilində çalışır ki, müəllimlərin maddi vəziyyəti yaxşılaşsın.
UNEC-də maaş artımı olub. Belə ki, universitetin rektoru bu barədə açıqlamasında əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşların əmək haqlarının isə orta hesabla 30% artırılması barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat, dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Xüsusilə, qeyd etmək lazımdır ki, göstərilən dövr ərzində professorların əmək haqqı 2,1 dəfə artmışdır.
UNEC Biznes Məktəbinə yüksək ixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub. Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.