“Dünən keçirilən yürüş möhtəşəm idi. Bu yürüş Prezident-Xalq-Ordu birliyinin təcəssümü idi. Bu yürüş xalqımızın yenilməzliyinin göstəricisi idi”.
Bunu hafta.az-a açıqlamasında Anım Günü Bakıda keçirilən və ölkə Prezidentinin də qatıldığı yürüyüş barədə fikirlərini bölüşərkən millət vəkili Tahir Rzayev bildirib.
Millət vəkili qeyd edib ki, Anım Günü iştirak etdiyi bütün tədbirlərdə Azərbaycan xalqının yenilməzliyinə, dəmir yumruq kimi birliyinə bir daha şahid olub:
“Mən hazırda rayondayam. Dünəndən Anım Günləri ilə bağlı keçirilən tədbirlərdə iştirak edirəm. İnanırsınız ki, həmin tədbirlərdə minlərlə insan var idi, şəhid anaları, ataları, övladları, bacıları, qardaşları vardı. Onların etdiyi çıxışları emosiyasız dinləmək mümkün deyildi. O qədər qürurlu idilər, ölkə rəhbərliyinə öz rəğbətlərini bildirirdilər, qələbəni sevinclə alqışlayırdılar. Onlar fəxrlə deyirdilər ki, övladlarımız Vətən yolunda şəhid olublar. Şəhid övladı deyirdi ki, mən xoşbəxtəm atam torpağımız uğrunda vuruşaraq şəhid olub. 5 yaşlı şəhid balası çıxış edib bildirirdi ki, mənim atam qəhrəmandır, gedib torpaqlarımızı ermənilərdən alıb.
Yəni, deməyim odur ki, bizi böyük Qələbəyə aparan elə bu həmrəylik, birlik, ölkə rəhbərliyinə inam oldu. Ölkə Prezidenti elə bir möhtəşəm addım atıb ki, bu silinməz bir tarixə çevrilib. Dünənki yürüş də bütün dünyaya bir nümunə idi ki, ölkə rəhbərliyi Anım Gününü belə qeyd edir. Anım Günü qələbəyə yolun başlandığı gündür, Zəfərə açılan cığırdır.Çox qürür dolu anlardır. Allah həmişə xalqımızı var etsin, Prezidentimizi, əsgərlərimizi qorusun. Şəhidlərimizin ruhu şad olsun”.