“2026-cı ilin dövlət büdcəsi ölkəmizin iqtisadi inkişaf trayektoriyasını müəyyən edən başlıca sənəddir. Təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki, bir sıra fundamental suallar açıq qalır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü büdcə müzakirələrində deputat Razi Nurullayev bildirib.
Deputat açıq qalan məsələlərə diqqət çəkmək istədiyini deyib:
“Birinci məsələ – büdcənin gəlirlər hissəsinin dayanıqlığıdır. Gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir. Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki, qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?
İkinci məsələ - inflyasiya və əhalinin alıcılıq qabiliyyətidir. Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək: bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur.
Üçüncü məsələ – investisiya xərclərinin strukturudur. Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir.
Dördüncü məsələ – regionların inkişafı. Büdcə bölgüsü yenə də mərkəz yönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək.
Beşinci məsələ – dövlət borcu və idarəetmə xərcləridir. Büdcə xərcləri arasında dövlət idarəçiliyinə ayrılan vəsait yenə yüksəkdir. Dövlət borcunun xidmətinə görə ödənişlər də artır. Biz dövlət aparatını optimallaşdırmadan, idarəetməni şəffaflaşdırmadan xərcləri effektiv edə bilmərik. Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki. Iqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini müəyyənləşdirən və siyasi vəzifə daşıyan səlahiyyətli nümayəndə daha çevik və səmərəli inkişafa təkan verə bilər”.
R.Nurullayev hesab edir ki, Büdcənin gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir:
“Sosial sahədə artımlar real inflyasiya ilə müqayisədə daha adekvat olmalıdır, investisiya proqramları tam şəffaf və nəticəyönümlü struktura salınmalıdır; Regionlara ayrılan vəsaitlər real istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir; Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır. Büdcəni elə tərtib etməliyik ki, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin. Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür”.
R.Nurullayev sonda hökumət üzvlərini xalqla, sahibkarlarla, cəmiyyətlə, ekspertlərlə, alimlərlə, institutlarla, vətəndaş cəmiyyəti nümayəndələri ilə daha sıx işləməyə, vətəndaşların evlərini ziyarət etməyə dəvət edib.
Tahirə Qafarlı