Bütün kitabsevərləri Litva stendinə dəvət edirik – LİTVA SƏFİRLİYİ

11:49 30.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Litva səfirliyi kitabsevərləri 1-5 oktyabr tarixlərində keçiriləcək Bakı Kitab Sərgisində Litva stendini ziyarət edərək, Litva ədəbiyyatı və mədəniyyətini araşdırmağa dəvət edir!

Hafta.az-ın yazdığına görə, bu müstəvidə müraciət Litva səfirliyinin facebook səhifəsində yerləşdirilib. Müraciətdə qeyd olunub ki, guşədə litvalı müəlliflərin Azərbaycan dilinə tərcümə edilmiş kitabları, həmçinin Litva haqqında nəşrləri sərgilənəcək. Stenddə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq çərçivəsində Kitabxana Fondundakı Litva əsərləri də yer alacaq.

Sərgi çərçivəsində nəzərdə tutulan tədbirlər:

Balis Sruoqanın klassik “Tanrılar meşəsi” romanının təqdimatı və əsəri dilimizə tərcümə edən Azərbaycanlı Litvalılar Cəmiyyətinin sədri Mahir Qamzayevlə görüş.

- Oktyabrın 2-də (saat 12:00) və 3-də (saat 13:00) Üzeyir Hacıbəyli zalında görüş və avtoqraf seansları təşkil olunacaq.

- Oktyabrın 5-də “Xoşbəxtlik bir Tülküdür” adlı uşaq kitabının təqdimatı. Təqdimatda iştirak edəcək əsərin müəllif Evelina Daci və illüstrator Auşra Kayudulayte ilə gənc oxucular üçün interaktiv seminar keçiriləcək.

Səfirlik Bakı Kitab Sərgisində iştirak etməklə mütaliə sevgisi ruhlandırmaq, Litva ədəbiyyatını təqdim etmək və mədəni əməkdaşlıq üçün yeni imkanlar yaratmaq məqsədi güdür.