Cəbrayıl və Abubakr Avropa çempionu oldu

22:55 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.
 
Hafta.az xəbər verir ki, qitə birinciliyinin 6-cı günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
 
Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Yarımfinalda türk İsmet Çiftçini üstələyən (7:3) təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən (8:1) məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
 
Abubakr Abakarov (86 kq) ilk görüşdə bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olan (6:0) Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gələrək (14:2) finala vəsiqə qazanıb. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana 38 saniyə ərzində qalib gələrək Avropa çempionu olub.
 
Digər güləşçimiz Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə alban Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ancaq həmyerlimiz 1/4 finalda gürcü Daviti Koquaşviliylə bacarmayıb - 2:13.
 
Sonuncu idmançımız Aydın Əhmədov (125 kq) mübarizəyə 1/4 finalda qoşulub. Bu raundda güləşçimiz erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub - 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb.
 
Beləliklə, Avropa çempionatının son günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. Bir gün öncə isə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanmışdı.