Cenevrədə ölkəmizin üzləşdiyi mina probleminə dair tədbir keçirilib

12:23 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın iyirminci görüşündə iştirak edib.

ANAMA-dan hafta.az-a bildiriblər ki, görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkəmizin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa və yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Həmçinin hər bir minanın regionda sülhə və əmin-amanlığa maneə yaratdığı və onları aradan qaldırmaqla regionda sabitliyi və təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində ölkəmizin üzləşdiyi mina probleminə həsr olunan “Humanitar Minatəmizləmə işlərinin çətinlikləri və birgə həll yollarına aparan tərəfdaşlıq” mövzusunda yan tədbiri keçirilib. Otuzdan çox nümayəndənin iştirak etdiyi tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq və mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiya və videoçarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.

Oxunma sayı 1957