Çərçivə sazişi imzalansaydı, sürpriz olardı - EKSPERT

14:30 08.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Mən ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Və bu, baş versə idi, həqiqətən bir möcüzə olardı.  Görünən budur ki, hələlik tərəflər arasında xeyli ziddiyyətli məsələlər var”.

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunu hafta.az əməkdaşının “Sizcə, ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının baş tutması mümkün görünürmü?” sualını cavablandırarkən dilə gətirib.

“Elə ziddiyyətli məqamlar var ki, onlar sadəcə olaraq sülh prosesinə mane olur. Bu, tərəflərin bir-birinə qarşı irəli sürdüyü iddialardır. Bu, kənar güclərin yenidən müəyyən bir fasilədən sonra vasitəçilk missiyasını  həyata keçirmək istəyidir. Bütün bu amillər, hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına ciddi maneədir”, - deyə davamında analitik bildirib.

“Bir mərhələdə, bilirsiz ki, Qərb təşəbbüsü üzərinə götürmüşdü. Avropa Birliyi və onu bu prosesdə dəstəkləyən ABŞ... Lakin o alınmadı, çünki Moskvanın təsiri bu vasitəçiliyi həyata keçirməyə imkan vermədi. Hazırda Moskvanın prosesə ciddi müdaxiləsi görünür. Ermənistan daha çox Qərbə can atır. Və bu şəraitdə də ciddi ziddiyyət yaranır: tərəflər arasında kim vasitəçilik edəcək və ümumiyyətlə, vasitəçilik olacaqdırmı? İkinci sualın cavabı, təbii, istəyərdik ki, neqativ olsun, yəni Azərbaycan və Ermənistan vasitəçisiz, ikitərəfli şəkildə sülh danışıqları apararaq sülh müqaviləsi imzalasınlar. Lakin bu, qeyri-mümkündür. Ona görə qeyri-mümkündür ki, Cənubi Qafqaz bölgəsinə təsir uğrunda ciddi mübarizə gedir. Mübarizə aparan tərəflərdən biri Qərb, digəri isə Rusiya və onun müttəfiqləridir. Həmçinin üçüncü mövqedə duran ölkələr də var. Məsələn, deyək ki, Türkiyə... Bax, bütün bu amillər sülh prosesinin  başa çatmasına ciddi əngəllər yaradır. Odur ku, yenə deyirəm, ilin sonunadək Azərbaycanla Ermənistan arasında  nəinki sülh müqaviləsi, hətta hər hansı bir çərçivə sazişi imzalansaydı. Şəxsən bu, mənim üçün sürpriz olardı”, -deyə ekspert vurğulayıb.