“Hazırda ölkəmizdə Məhərrəmlik ayı yaşanır və insanlarımız bu gün Aşura gününü qeyd edir. Azərbaycanda hər ilin bu günü yüksək formada qeyd olunur. Xüsusilə, Məscidlərimizdə izdiham yaşanır. Ənənələrə sadiqlik nümyaiş etdirən insanlarımız məscidlərə gedir, dualar edirlər. Amma…”
Bunu hafta.az-a deputat Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, azyaşlı uşaqların Aşura günlərində məscidlərə aparılması düzgün deyil. Çünki hələ də bəzi məscidlərdə bir çox insanların özlərini döydüklərinin, xəsarət yetirmələrinin şahidi oluruq. Bu da birmənalı olaraq uşaqların psixikasına mənfi təsir edir.
“Aşura günlərində bu kimi halların qarşısını almaq üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. İnsanları bu cür yanlış davranışlardan qorumaq üçün addımlar atılmalı, onlara Aşura, Məhərrəmliklə bağlı bilgilər, məlumatlar verilməlidir. Çünki insanların çoxunun Məhərrəmlik ayının mahiyyəti ilə bağlı məlumatı azdır. Ona görə də davamlı olaraq təbliğat, maarifləndirmə işi aprılmaldır ki, insanlarımız Aşuranın mahiyyətini anlasın”.
C.Məmmədov Məhərrəmlik, Aşura ayının əsl mahiyyətinə diqqət çəkib. Bildirib ki, Aşura- Məhərrəmlik, haqqın haqsızlığa qarşı mübarizəsidir.
“Aşura bir şəhadət məktəbidir. Bu ayın bu günü insanlara vətən uğrunda canından keçməyi öyrədir. Biz bu ayın fəlsəfəsini məhz bu yöndə, düzgün təbliğ etməliyik. Bu gün insanlar özlərinə xəsarət yetirməməli, bu ayı düzgün anlamalıdırlar”.
Deputat hesab edir ki, məscidlərdə də bu məsələlərə nəzarət etməlidir. Azyaşlı uşaqların bu məclislərə gətirilməməsi tövsiyyə olunmalıdır.
“Əks halda hər hansı Məsciddə bir insanın özünə qarşı şiddət göstərdiyini görən uşaq bundan psixoloji zərbə ala bilər. Məscidlərdə insanlarımızın Aşura günləri öz ibadətlərini düzgün yerinə yetirmələri üçün iş aparılmalıdır. Eyni zamanda bir sıra hallarda yanış əməllərin qarşısı qətiyyətlə alınmalıdır”.