ABŞ-la Çin arasında davam edən ticarət gərginliyi aviasiya sənayesinə təsir etməyə başlayıb. ABŞ-da yerləşən təyyarə istehsalçısı Boeing-in Çin hava yollarına təslim etməyi planlaşdırdığı ikinci sərnişin təyyarəsi də geri qayıdıb. Təyyarə də birinci təyyarə kimi geri qayıdarkən Sakit okeanın Quam adasına enib.
Hafta.az-ın yazdığına görə, “AirNav Radar” bildirib ki, Boeing 737 MAX 8 tipli təyyarə Boeing-in Çindəki Zhoushan tamamlama mərkəzindən havaya qalxaraq Quam vasitəsilə ABŞ-a qayıdıb. Eyni marşrutla hərəkət edən ilk təyyarə aprelin 20-də Boeing-in Sietldəki istehsal mərkəzinə gəlib.
“Bloomberg”in aprelin 15-də verdiyi məlumata görə, Çin hakimiyyəti ölkə daxilindəki hava yollarından yeni Boeing təyyarələrini təhvil almamağı xahiş edib. Bu istiqamətdə ilk konkret addım Çində yerləşən Xiamen Hava Yollarına aid olduğu bildirilən təyyarənin ABŞ-a geri göndərilməsi ilə görüldü. İkinci təyyarənin də eyni qaydada geri qayıtması bu iddiaları gücləndirib.
Qayıdışların ABŞ prezidenti Donald Trampın Çin mənşəli məhsullara tətbiq etdiyi 145 faizlik tarifə cavab olaraq Çinin 125 faizlik tariflə cavab verməsindən sonra gəlməsi diqqət çəkir. Bu qarşılıqlı sanksiyalar iki ölkə arasında ticarət müharibəsinin aviasiya kimi strateji sahələrə yayıldığını göstərir.
Çinin üç ən böyük aviaşirkəti, Air China, China Eastern Airlines və China Southern Airlines, 2025-2027-ci illər arasında cəmi 179 Boeing təyyarəsi tədarük etməli idi. Bununla belə, son hadisələr bu planların yenidən nəzərdən keçirilə biləcəyi ilə bağlı şərhlərə səbəb olub.
Xiamen Hava Yolları loqosunu daşıyan ilk təyyarənin geri qaytarılması ilə bağlı tərəflərdən heç bir rəsmi açıqlama verilməsə də, bu qərarın Çin hökumətinin birbaşa rəhbərliyi altında qəbul edilib-edilmədiyi bəlli deyil.