Çinin Nəqliyyat Nazirliyi 1-8 oktyabr tarixlərini əhatə edən tətil dövründə ölkədə hər gün orta hesabla 304 milyon səyahət edildiyini açıqlayıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.
Hafta.az-ın yazdığına görə, bayram günlərində səyahətlərin əksəriyyətini avtomobil səyahətləri təşkil edib. Nazirliyin məlumatına görə, şəxsi avtomobillə edilən səfərlərin sayı əvvəlki illə müqayisədə 6,6 faiz artaraq 2,25 milyarda çatıb.
Bayramın son günlərində milyonlarla vətəndaş öz şəhərlərinə qayıtdığı üçün magistral yollarda kilometrlərlə avtomobil növbələri yaranıb. Sosial mediada paylaşılan görüntülər ödəniş məntəqələrindəki sıxlıq və eyni istiqamətdə hərəkət edən avtomobillərin uzun karvanları ilə diqqəti çəkib. İstifadəçilər bu mənzərəni “ümummilli kütləvi qayıdış hərəkatı” kimi şərh ediblər.