Çində superkompüter şəbəkəsi yaradılır

10:55 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin “superkompüter şəbəkəsi” yaratmaq üçün tədqiqat və inkişaf işlərinə başlayıb.

Hafta.az-ın “South China Morning Post”a istinadən yazdığına görə, Elm və Texnologiya Nazirliyinin Tienstin şəhərində keçirdiyi toplantıda bir araya gələn proqram təminatı və İT mütəxəssisləri sektordakı problemlərin həllinə dəstək olmaq üçün superkompüter internetinin yaradılmasını müzakirə ediblər.

“South China Morning Post” qəzetində dərc olunan xəbərdə, bir-birinə bağlı superkompüterlərdən ibarət olması gözlənilən şəbəkənin, istifadəçilərin tək platforma vasitəsilə birdən çox maşına daxil olmasına imkan verməyi hədəflədiyi bildirilib.

Layihədə ölkənin 15 universiteti və milli institutunda superkompüter mərkəzlərinin iştirakı planlaşdırılır. Bu yolla mərkəzlər Çinin müxtəlif nöqtələrində superkompüterlə tək şəbəkə üzərində işləyə bilər.

Səlahiyyətlilər hesab edir ki, bu kollektiv işçi şəbəkə aviasiya, kosmos, tibb və maliyyə kimi müxtəlif sahələrdə problemlərin həllində daha səmərəli fəaliyyətə imkan verəcək. Xəbərdə, inkişaf edən süni intellekt və məlumat mərkəzi sistemlərinin də bu miqyasda superkompüter şəbəkəsini zəruri etdiyi diqqətə çatdırılıb. Digər tərəfdən, o da bildirilib ki, belə bir internet şəbəkəsinin yaradılması üçün bir-birindən uzaqda yerləşən superkompüter mərkəzləri arasında əlaqə yaratmaq və yeni proqram təminatı hazırlamaq lazımdır.

Wuxi Milli Superkompüter Mərkəzinin direktoru Yang Guangven, yanvar ayında Çin Kommunist Partiyasının nəşrində dərc olunan məqaləsində belə yazıb: "Superkompüter interneti müxtəlif istifadəçiləri gücləndirmək üçün fərqli elektrik mənbələrini bir araya gətirən elektrik şəbəkəsinə bənzəyir".

Bundan əlavə, Çində fəaliyyət göstərən telekommunikasiya nəhəngi "Huawei" iyulda “kondensasiya edilmiş kompüter proqramlaşdırması” adlı layihəni açıqlamışdı. Şirkətin superkompüter texnologiyasından məsul olan nümayəndəsi Şhao Şunçun, superkompüter internet şəbəkəsi üçün müxtəlif platformalar arasında əlaqənin qurulması zərurətinə diqqət çəkərək, "Huawei"nin bunu dizayn etmək qabiliyyətinə malik olduğunu demişdi.