“Müasir Çinin inkişafı Mərkəzi Asiya üçün unikal “imkanlar pəncərəsi” açır: sənayeləşmə və bazarın genişlənməsindən davamlı inkişafa və insan kapitalına sərmayəyə qədər”.
Hafta.az-ın yazdığına görə, bunu qırğızıstanlı politoloq, Ala-Too Beynəlxalq Universitetinin professoru Kubanıçbek Tabaldiyev “Sinxua”ya müsahibəsində deyib.
“Çin davamlı inkişafını, qlobal siyasət və iqtisadiyyatda qazandığı çəkisini nəzərə alaraq, iqtisadi modernləşmə, yoxsulluğun azaldılması, texniki tərəqqi və informasiya texnologiyalarının inkişafı, xammal tədarükü iqtisadiyyatından yüksək texnologiyalı məhsulların istehsalına keçid kimi bir çox sahələrdə nümunə olmağa qadirdir”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, bunun üçün ən mühüm amillərdən biri Çinin nəhəng daxili bazarıdır. Mərkəzi Asiya ölkələri Çin bazarına təkcə təbii xammal və enerji resursları deyil, həm də hazır məhsul, o cümlədən ekoloji təmiz kənd təsərrüfatı məhsulları tədarükünü artıra bilər.
K.Tabaldiyevin sözlərinə görə, Çin bütün Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirməyə çox yüksək səviyyədə hazır olduğunu nümayiş etdirir. “Çin bütövlükdə region ölkələrinin strategiyasını nəzərə alır və “Bir kəmər, bir yol” təşəbbüsünü beş Mərkəzi Asiya ölkəsinin maraqları ilə birləşdirmək üçün israrlı istək nümayiş etdirir”, - politoloq deyib.
Ekspertin fikrincə, Mərkəzi Asiyada həyata keçirilən infrastruktur layihələri xüsusilə parlaq şəkildə seçilir – Çin – Qırğızıstan - Özbəkistan dəmir yolunun tikintisi region iqtisadiyyatının logistik strukturunda nəzərəçarpacaq dəyişikliklərə səbəb olmalıdır.
Politoloq bu sahədə nümunə kimi Qırğızıstanda alternativ Şimal-Cənub magistralının tikintisini də göstərib. “Magistral yol təkcə Qırğızıstanın daxili regionlarını inkişaf etdirməyəcək, həm də bir çox ölkələrə beynəlxalq tranzit yükləri ən qısa marşrutla çatdırmağa imkan verəcək”, - o bildirib.
K.Tabaldiyevin vurğuladığı kimi, Mərkəzi Asiya ölkələrində iqtisadi artımı nəzərə alaraq, Çin bərpa olunan enerji mənbələrinin tətbiqi kimi sahələrdə birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bundan əlavə, Çin Rəqəmsal İpək Yolunun inkişafı layihəsinin təşəbbüskarı olub və eyni zamanda, bütün Mərkəzi Asiyanın davamlı inkişafında maraqlı olduğunu vurğulayır. Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada keçirilən ikinci Çin-Mərkəzi Asiya Sammiti çərçivəsində imzalanmış Çinlə Mərkəzi Asiya ölkələri arasında əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə haqqında danışan ekspert hesab edir ki, sənəd region ölkələri və Çinə birgə strategiyanın koordinasiyalı planlaşdırılması üçün birgə düşünülmüş baza yaratmağa imkan verir.
“Astanada keçirilən sammit iştirakçıların qarşılıqlı etimad üçün vahid ruhunu nümayiş etdirdi”, - deyə o, yekunlaşdırıb.