“Çinli tərəfdaşlar Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir” - Lü Tzyançao (FOTO)

17:55 02.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycana ilk səfərim növruz bayramı ərəfəsinə düşdü. Bizdə də belə bayramlar var - hamısı yenilənməni əks etdirir. Burada olduğum müddətdə Bakının gözəlliyindən həzz aldım”.

Hafta.az-ın yazdığına görə, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" adlı konfransda çıxışı zamanı deyib.

Cənab Tzyançao deyib ki, Çin və Azərbaycan strateji tərəfdaş olaraq bir-birinə səmimi yanaşır və qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkə arasında dostluq min illik tarixi köklərə malikdir və bu münasibətlər indi də inkişaf edərək tarixi proseslərə təsir göstərir.

“Ötən il hər iki dövlətin rəhbərləri birlikdə Çin-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını elan etdilər. Bu ikitərəfli münasibətlərimizin inkişafının başlanğıc nöqtəsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik. Hazırda Çin öz dövlət quruculuğu istiqamətində fəaliyyətlərini genişləndirməkdədir. Eyni zamanda, bilirik ki, Azərbaycan tərəfi də sosial-iqtisadi inkişaf sahəsində 2030-cü illəri əhatə edən Milli İnkişaf Proqramını həyata keçirir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq, qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycanla Çin arasında iqtisadi strukturlar bir-birini tamamlayır və qarşılıqlı nailiyyətlərə töhfə verir. Çinli tərəfdaşlar Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir və bu istiqamətdə bir sıra mühüm əməkdaşlıq layihələrimiz mövcuddur. Bu layihələrə Qaradağda Günəş Elektrik Stansiyasının inşası və “BYD” elektrik avtomobillərinin Azərbaycanda geniş tətbiqi daxildir. Bundan əlavə, Çinlə Azərbaycan arasında elm sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hər iki ölkə bir-birini daha yaxından tanıyır və əlaqələr möhkəmlənir. Hesab edirəm ki, ölkələrimiz arasında yaşıl enerji sahəsində yeni mərhələlər inkişaf edəcək və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq daha da genişlənəcək”, – deyə cənab Tzyançao bildirib.

Müasir dünyanın xaosla dolu olduğunu vurğulayan Lü Tzyançao qeyd edib: “Dünyada böyük dəyişikliklər baş verir. Bu ilin əvvəlindən etibarən beynəlxalq vəziyyət ciddi sarsıntılarla üzləşib. Dövlətlər qeyri-sabit və qeyri-müəyyən amillərlə qarşılaşır. Avrasiya qitəsində yeni çağırışlar meydana çıxır. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir və aralarındakı qarşılıqlı əməkdaşlıq, hörmətin möhkəmlənməsi bu qeyri-sabit dövrdə inam yaradır. Xüsusilə, Asiya və Avropanı əhatə edən telekommunikasiya sahəsindəki inkişafı qeyd etmək lazımdır. Bu baxımdan Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət daşıyır. Həmçinin Abşeron yarımadasından enerjinin Çinə daşınması və Rəqəmsal İpək Yolunun inkişaf etdirilməsi əməkdaşlığımıza yeni təkan verir. Bütün bunlar ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açır. Çin və Azərbaycan birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının ruhunu gücləndirir, dövlətlər arasında qarşılıqlı hörmət və çoxşaxəli əməkdaşlıq prinsiplərini dəstəkləyir. Bu məqsədlə biz birgə sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməliyik”.

Çin rəsmisi onu da əlavə edib ki, əməkdaşlıqdan gözləntilər hələ də reallığa tam uyğun deyil. “Bu kontekstdə iki ölkənin liderləri - Si Cinpin və İlham Əliyev - keçən il münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırdılar. Bu, o deməkdir ki, hökumət, partiya və regionlar konkret layihələr və yol xəritələri hazırlayaraq liderlərin planlarının həyata keçirilməsinə töhfə verməlidir", - o deyib.

Cənab Tzyançao ölkəsi ilə Azərbaycan arasında çox qədimdən mədəni və ticarət əlaqələrinin mövcud olduğunu qeyd edib. “Xalqlarımız bir-birini çox yaxşı tanıyır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi hələ öz dövründə çinli xanımların gözəlliyini əsərlərində vəsf edirdi. “Arşın mal alan” filmi ölkəmizdə Çin dilində nümayiş etdirilib” deyən Lü Tzyançao bildirib ki, Azərbaycan ötən il COP 29-a ev sahibliyini ləyaqətlə edib. Bu isə hazırda dünyanın üzləşdiyi qlobal təbii fəlakətlərin qarşısının alınması müxanizminin inkişafına güclü təkan verib.

Qlobal Cənub Ölkələrinin beynəlxalq müstəvidə sülhyaratma prosesində oynadığı rolu alqışlayan çinli qonaq bu müstəvidə Çin və Azərbaycanın rolunu xüsusilə qeyd edib. O, tədbir iştirakçılarına çağırış da edib: “Gəlin əlimizdən gələni edək ki, dövlətlərimizi inkişaf etdirək və beynəlxalq sülhə töhfə verək”. 

Sual-cavab zamanı cənab Tzyançao deyib ki, hazırda ölkələrimiz arasında münasibətlər əla vəziyyətdə olsa da, əslində mövcud potensiala cavab vermir və buna görə də əlaqələri daha da genişləndirmək lazımdır. O, Azərbaycan prezidenti İlham Əliyevin aprel ayında Çinə edəcəyi səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcəyini diqqətə çatdırıb.