Çörəyin qiyməti bahalaşacaq?

18:31 08.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son aylar strateji ərzaq məhsullarından birincisi hesab olunan buğdanın qiymətində artım sürətlənib. Planetimizi təhdid edən hava fəlakətləri fonunda bütün dünyada taxıl yığımı ilə bağlı proqnozlar kəskin şəkildə aşağı salınıb. Beynəlxalq Taxıl Şurasının məlumatına görə, cari ilin avqustun ortalarınadək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Halbuki ötən ilin eyni dövründə istehsal 760 milyon tona bərabər idi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2020-ci ilin ikinci yarısından 2021-ci ilin birinci yarısınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımı müşahidə olunub və bunun əsas səbəblərindən biri qlobal səviyyədə taxıl təminatının azalmasıdır. Yeri gəlmişkən, bir ton buğdanın ixrac qiyməti 2021-ci ilin yanvar ayından avqustun sonlarına qədər müxtəlif qiymət dəyişmələri əsasında hər gün artıb. Belə ki, qiymətlər yanvar ayından indiyədək müxtəlif günlərdə bir ton buğda üzrə 240-283 ABŞ dollarından avqustun sonunda 266-286 ABŞ dollarına qədər yüksəlib. Proqnozlara görə, bu mövsümdə dünya üzrə buğda istehsalı daha da azaldığından qlobal səviyyədə buğda təminatında ciddi çətinliklərin meydana çıxması gözlənilir.

 Qeyd edək ki, Azərbaycanın ərzaq buğdası aldığı Rusiya və Qazaxıstanda da istehsal proqnozu kəskin aşağı düşüb. Artıq MDB regionunda ən böyük tədarükçü ölkələrdən biri olan Rusiyanın müvafiq dövlət qurumları da cari ildə taxıl məhsullarının istehsalının əvvəlki illə müqayisədə azalacağı səbəbilə yeni ixrac siyasətində də bir sıra dəyişikliklər etməyi planlaşdırır.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2021-ci il mövsümündə təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılır ki, bu da 2020-ci il mövsümü ilə müqayisədə 5 milyon tona yaxın azalma deməkdir. Bu səbəbdən də Rusiya yeni mövsüm ərzində buğdanın illik ixracını 40 milyon tondan 34 milyon tona endirəcəyini açıqlayıb.

Bəs, görəsən, baş verən bu proseslər Azərbaycana necə təsir edəcək? Çörəyin qiymətində bahalaşma gözləniləndirmi?

Məsələni hafta.az-a şərh edən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, bu gün həqiqətən də dünyada ərzaq buğdasının istehsalında azalma müşahidə olunur:

“Məsələn, Rusiyada əkin sahəsi təxminən 1,3 milyon hektar azalıb. Proqnozlara görə, buğda istehsalı da təxminən 4,6 milyon ton azalmalıdır. Bunu həm rusiyalı, həm də amerikalı ekspertlər proqnozlaşdırırlar. Və bununla paralel Rusiya hər ay ixrac rüsumunu artırır. Bu o deməkdir ki, bizə buğda daha baha başa gəlir. Təsəvvür edin ki, ötən ilə nisbətən biz buğdanı 10 faiz baha almışıq. Bu hələ son deyil və bundan sonra da buğda idxal olunacaq, özü də daha baha qiymətə idxal ediləcək. Biz bununla bağlı xeyli müddət əvvəl hökümətə təkliflərimizi vermişdik. Hesab edirik ki, ilk növbədə bu sahədə peşəkarlar çalışmalıdırlar. Ölkədə demək olar ki, əkin sahələrinin 38 faizi buğdanın altındadır. Yəni, əgər bu 38 faiz ərazidən əldə etdiyimiz məhsulla özümüzün ərzaq buğdasına olan təminatımızı ödəyə bilmiriksə, ciddi şəkildə düşünməliyik. Nə etmək lazımdır? Düzdür, bizdə peşəkarlar var, amma çox az saydadır. Biz peşəkarların sayını artırmalı və bu işə cəlb etməliyik. Digər tərəfdən, bu sahənin özündə ciddi problemlər var. Məsələn, hər il şikayətlər olur ki, fermerlərin suvarma suyuna olan ehtiyacları tam ödənilmir. Bu çox ciddi məqamdır. Bundan daha ciddi məsələ isə seleksiya işlərinin aparılmasıdır. Ölkədə stress amillərə dözümlü, yüksək məhsuldarlı, keyfiyyətli buğda sortları yetişdirilməlidir. Bu işlə məşğul olan hər hansı bir qurum yoxdur. Bu gün toxum istehsalını oliqarxlar həyata keçirir. Onlar da istehsal etdikləri buğdanı toxum materialı kimi kəndlilərə sırıyırlar. Əksər halda da yaxşı nəticəsi olmur, heç bitiş belə vermir. Yəni, bu sahədə problemlər çoxdur. Ona görə də un və un məmulatlarında bahalaşma qaçılmazdır. Onsuz da çörəkdə biz bahalaşma müşahidə edirik. Düzdür, zavod çörəyində nisbətən qiymət stabil saxlanılmağa çalışılır. Amma hamıya məlumdur ki, həmin çörək bir o qədər keyfiyyətli deyil və daha aşağı sort buğdadan alınan undan istehsal olunur. Digər çörəklər isə çox bahadır. Məsələn, mən 2 ay bundan əvvəl 50 qəpiyə aldığım alman çörəyini hazırda 65 qəpiyə alıram. Yəni, qiymətlərdə ciddi artım var və artım bundan sonra da davam edəcək”.

Ekspert həmçinin vurğulayıb ki, bu il Azərbaycanda 1 milyon 885 min ton buğda istehsal olunub. Onun sözlərinə görə, bu göstərici 2009-cu illə müqayisədə 250 min ton azdır: “Bu göstərici 2019-cu illə müqayisədə isə 300 min ton az nəticədir. Yəni, istehsal ilbəil azalır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli isə deyib ki, statistik məlumatlara əsasən, bu il ölkəmizdə 3 milyon tona yaxın taxıl istehsal olunub:

“Bizdə həmişə istehsal olunan taxılın təxminən 60-70 faizi ərzaq buğdası olur. Əgər biz o hesabla götürsək, 3 milyon tonun təxminən 1,6-1,7 milyon tonu ərzaq buğdası olmalıdır. Deməli, bizə kənardan o qədər ciddi buğda ehtiyatı əldə etməyə ehtiyac qalmır. Çünki Azərbaycan əhalisinin buğdaya olan tələbatı təqribən 1,8-2 milyon tondur. Belə olan halda Azərbaycana təxminən 300-400 min ton ərzaq buğdası lazım olacaq. Onun da idxalı o qədər ciddi problem deyil. Amma indiyə kimi Azərbaycan hər il 1,2-1,3 milyon ton xaricdən buğda idxal edib. Burada statistikanın etibarsızlığı ortaya çıxa bilər. Ola bilsin ki, statistikanın rəqəmləri etibarlı olmasın. Bizdə heç 3 milyon ton taxıl istehsal edilməyib. Bu sahədə saxtakarlıq var, taxılın subsidiyasının əldə etmək üçün 100 hektar əvəzinə, 500 hektar sənədləşdirirlər. Bunu hökümətə yaxın böyük şirkətlər edirlər. Yəni, qeyri-dəqiq statistik rəqəmlər dolaşdığına görə, əlimizdə olan rəqəmlərə istinadən vəziyyəti tam ətraflı dəyərləndirə bilmirik. Amma ümumi götürdükdə, əvvəlki illərə nisbətən Azərbaycanın yerli buğda istehsalı xeyli artıb. Bu artım həm də işğaldan azad edilmiş ərazilər hesabına baş verib. Ona görə də Azərbaycan bu il buğda istehsalını əsaslı şəkildə azaldacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə bildirib ki, hazırda çox az ölkə özünü 100 buğda ilə təmin edə bilir:

“Bunlar Rusiya, Qazaxıstan, Ukrayna və Kanadadır. Azərbaycan isə 60 faiz təmin edə bilir. Çünki ölkədə kənd təsərrüfatı üçün torpaq ehtiyatları məhduddur və cəmi 1 milyon hektar ərazidə taxıl əkilir. Bundan çox əkə bilmirik. Əsas məqsədimiz məhsuldarlığı artırmaqdır. Əgər əvvəllər bir milyon hektardan 3 milyon ton taxıl götürülürdüsə, indi 3,14 milyon tona çatdırmışıq. Biz müasir və tez yetişən, iqlimə davamlı növlərlə artıma nail olmaq istəyirik. Subsidiyaları ona görə veririk ki, torpağa gübrə versinlər. Son illər fermerlərin üçdə ikisi buğda əkir, amma həmin buğda əsasən ərzaqlıq deyil”.

İqtisadiyyat rubrikasından digər xəbərlər