Koronavirus həbləri dedikdə, daha əvvəllər də satışda olmuş bu tip infeksiyaların müalicəsində istifadə olunan ənənəvi dərmanlar nəzərdə tutulmur.
Bir müddət öncə, Amerikanın əczaçılıq və biotexnologiya şirkəti “Pfizer”, COVID-19 antiviral həbi hazırladığını açıqladı.
Şirkət “Paxlovid” adı altında buraxılması gözlənilən həbdən istifadə edilən qarışıq müalicə metodunun böyüklərdə COVID-19 səbəbindən xəstəxanaya yerləşdirmə və ölüm nisbətini 100/ 90 azaltdığını bildirdi.
Avropa Dərman Agentliyi (EMA) “Pfizer” tərəfindən istehsal olunan “Paxlovid” və “Merck” tərəfindən istehsal olunan COVID-19-a qarşı hazırlanmış “Molnupiravir” həblərinin üzv ölkələrdə istifadəsini tövsiyə etdikdən sonra, epidemiyanın xəstəxanaya getmədən müalicəsi üçün yeni alternativlər yaratdı.
Avropada “Laqevrio” adı altında satışa çıxarılacaq iki dərmanın yüksəkriskli COVID-19 xəstələrinin xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalını azaltdığı aşkar edilib. Bəs, Omikron variantının sürətlə yayıldığı və səhiyyə sistemlərinə təzyiqin yenidən artdığı bir dövrdə bu dərmanı kim, hansı şəraitdə və nə vaxt istifadə edə biləcək?
Kimlər istifadə edə bilər?
Mütəxəssislər dərman qəbul edə bilmək üçün xəstəliyin şiddətinin çox vacib amil olduğunu bildirirlər. Simptomlar göründükdən dərhal sonra həbləri qəbul etmək lazımdır. Vaxt itirmədən dərmanı qəbul etməyin ən böyük maneəsi əvvəlcədən müayinə olunmaq və həkimə müraciət etməkdir.
Bununla belə, COVID-19 testinin müsbət çıxması dərmanı birbaşa qəbul etmək demək deyil. Məsələn, xəstəlik yalnız orta və yüngül keçərsə, dərman qəbul edilə bilər. Koronavirusun ağır vəziyyətlərində dərman qəbul etməmək tövsiyə olunur.
Koronavirus preparatları kimlərə olmaz?
Sözügedən həblərdən koronavirusla mübarizədə risk qrupuna daxil olan şəxslər – yaşlılar, şəkərli diabet, ürək, qan-damar sistemi və xərçəng xəstələri də istifadə edə bilər.
ABŞ-da “Merckin Molnupiravir” dərmanının sümük inkişafının qarşısını almaq riski səbəbindən uşaqlarda istifadəsi qadağandır. Bundan əlavə, doğuş zamanı risk yaratdığı üçün hamilə qadınlarda istifadəsinə icazə verilmir.
“Pfizer” tərəfindən istehsal edilən dərman isə ciddi böyrək və ya qaraciyər problemi olan xəstələrə tövsiyə edilmir. O, həmçinin digər dərmanlardan istifadə etmək məcburiyyətində qalan insanlar üçün də düzgün seçim hesab olunmur.
Bundan əlavə, antiviral həblər COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən insanlar üçün istifadə edilə bilməz.
Həblərdən nə vaxt istifadə oluna bilər?
Həblərdən virusun simptomları hiss olunan ilk 5 gündə istifadə etmək məqsədəuyğundur.
Nəzərinizə çatdıraq ki, öskürək, başağrısı, qızdırma, dad və qoxu hiss edə bilməmə, əzələ ağrıları xəstəliyin əsas əlamətləri hesab olunur.
Həblər Omikron ştammına da təsir edir?
Mütəxəssislər bu suala “Bəli” cavabını verirlər. Hər iki dərman virusun çoxalmasının qarşısını fərqli şəkildə ala bilir. Bu həblərin hüceyrələri zəbt edən və narahatlıq doğuran bir çox mutasiyaların olduğu 'Spike protein' virus tutacaqlarını deyil, birbaşa virusu hədəf aldığı vurğulanır.
Bu həblərdən başqa hansısa alternativlər var?
Bəli, var, lakin onların istifadəsi elə də asan deyil. Onlar xəstəxana şəraitində xəstəyə iynə və ya zərdab yolu ilə verilir. İndiyədək üç dərmanın virusa qarşı anticisimlər təmin etdiyi sübut olunsa da, laboratoriya testləri bu dərmanlardan ikisinin Omikrona qarşı təsirli olmadığını göstərir.
Dünya təcrübəsinə və dərmanların istifadəsinə nəzər saldıq. Bəs görəsən, “Pfizer”in hazırladığı “Paxlovid” və “Merck” tərəfindən istehsal olunan “Molnupiravir” həblərinin ölkəmizə gətirilməsi və istifadəsi nə qədər realdır?
Məsələ ilə bağlı Hafta.az-a danışan tibb eksperti Rasif Bağirov söyləyir ki, əslində “Pfizer”in belə bir preparat hazırlaması ilə bağlı bizdə geniş məlumat yox idi. Ölkə mətbuatında bu haqda geniş yazılar yazılmayıb:
“Təxminən, 1 il öncə belə bir məlumatla qarşılaşmışdım ki, İsraildə koronavirus əleyhinə dərman hazırlanıb və sınaq mərhələsindədir. Komada olan xəstəyə nə dərəcədə effekt verməsi ilə bağlı da ətraflı bilgilər əldə etmək olurdu. Hələ ki, sözügedən həblərlə bağlı geniş xəbərlə qarşılaşmamışam. Adətən, hansısa dərman hazırlanan vaxt onun sınaq müddətləri, nəticələri və s. ətraflı qeyd olunur”.
Tibbi ekspertin fikrincə, hazırkı şəraitdə həblərdənsə vaksinasiya olunmaq daha məqsədəuyğundur. Əhalini kütləvi müayinədən keçirib, lazım olan təbəqəni dərmanla müalicə etmək olduqca müşkül prosesdir:
“Belə həblərlə bağlı əsas sual budur ki, dərman virusa qarşı istehsal olunub, yoxsa onun orqanizmdə qoyduğu iltihablı prosesə qarşıdır? İltihablı prosesi isə COVID-19 yaratmır, onun orqanizmdə oyatdığı mikroblar yaradır. Əgər bu dərman aşkar olunan virusu öldürəcəksə, onun funksiyası ancaq kütləvi müayinədən keçirilmiş əhali arasında yalnız inkubasion dövr olanlara verilə bilər. Bu da erkən dövrdə iltihablı prosesin qarşısını almağa əngəl olacaqdır. Pandemiya vaxtı bütün ölkə əhalisini o formada kütləvi yoxlamaq çox çətin olur. İnkişaf etmiş ölkələrdə belə müayinədən kənarda qalmış çox insan ola bilər. Dərmanlar xəstəlik zamanı, xəstələri ölümə aparan hallarla mübarizədə istifadə edilirsə, bu çox yaxşı nəticələr verə bilərdi. Özünü sağlam hiss edən istənilən insan gedib virusla bağlı müayinədən keçmir. Bu baxımdan həblərdən istifadə problemlər yarada bilər. Ona görə də ən yaxşı üsul vaksinasiyadır”.