Bu gün partiyaların qeydiyyata alınması və onların ofislərlə təminatı məsələsinə birmənalı münasibətin sərgilənmədiyi müşahidə olunur. Müxalifət daxilində belə mesajlar da var ki, çoxpartiyalı sistem əslində daha çox parçalanmaya aparır. Maraqlıdır, çoxpartiyalılıq parçalama üsuludur, yoxsa demokratik tələb kimi qəbul olunmalıdır?
“Həftə içi” məsələ ilə bağlı bir sıra partiyaların münasibətini öyrənib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov:
- Çoxpartiyalı sistem bu və ya digər ölkədə demokratiyanın inkişafı və fikir müxtəlifliyi, siyasi plüralizmin oturuşması üçün zəruri nəsnələrdən, təsisatlardan və amillərdən biri sayılır. Çoxpartiyalılıq olmasa, demokratiyadan da danışmağımıza dəyməz. Çoxpartiyalı cəmiyyətlərdə alternativ fikirlərin, təkliflərin səsləndirilməsi üçün də imkan və şərait yaranır. Mən bu fikrimi təkcə partiya sədri olduğuma görə deyil, həm də adi vətəndaş kimi bəyan edirəm. Biz təkpartiyalı sistemin naqis cəhətlərini zatən keçmiş SSRİ-nin də təcrübəsindən yaxşı bilirik. Sizi əmin edirəm ki, sovet dövləti məhz birpartiyalı sistemin tiraniyasının ucbatından, siyasi plüralizmin və demokratiyanın mövcud olmaması üzündən dağıldı, tarixə qovuşdu. Odur ki, indi kim çoxpartiyalılığın əleyhinə danışırsa, o şəxslər ya sadəcə danışmaq xatirinə danışırlar, yadaki siyasi savadsızlığın təzahürü olaraq belə fikirləri gündəmə gətirirlər.
Abutalıb Səmədov, Azərbaycan Naminə Alyans Partiyasının sədri:
- Çoxpartiyalılıq demokratiya yolu tutan dövlətlər üçün son dərəcə mühüm şərtdir. Siyasi partiyalar dövləti idarə edəcək, parlamentdə qanun yaradıcılığı fəaliyyəti ilə məşğul olacaq kadrların yetişdirilməsində böyük rol oynayan qurumlardır. Təsadüfi deyil ki, böyük partiyaların əksəriyyətinin Siyasi Akademiyaları var və onlar kadrların icra və qanunvericilik biliklərinə, vərdişlərinə yiyələnməsi üçün ciddi iş aparırlar. Məşhur türk jurnalisti Uğur Mumcu - “bilik sahibi olmayanlar, fikir sahibi olmaq istəyirlər”, - deyərək bilmədiyi, araşdırmadığı məsələlər barədə danışanlara üsyan edirdi. Siyasi partiyalar haqqında danışanlar, təəssüf ki, özlərinə əziyyət verib məsələni araşdırmır və hardansa eşitdiyi sözlər əsasında “mötəbər mülahizələr” söyləyirlər. ABŞ-da iki böyük partiya olsa da, digər partiyaların sayı 100-dən çoxdur. Almaniya, Böyük Britaniya, Fransa kimi dövlətlərdə də təqribən o qədər partiya var. Qardaş Türkiyədə 5 partiyanın parlamentdə qrupu - azı 20 millət vəkili olmalıdır - 7 partiyanın təmsilçisi var. Bu 12 partiyadan başqa 63 partiyanın seçkilərə qatılmaq hüququ var və bu 75 partiyadan başqa seçkilərə qatılmaq hüququ qazanmamış partiyalar da var. Dünyadakı reallıq budur və bir daha deyirəm, yalnız 2-3 siyasi partiyası olan dövlət yoxdur. Azərbaycanda böyük partiyaların yaranmasına ehtiyac varmı? Əlbəttə, var. Bu gün yalnız Yeni Azərbaycan Partiyası böyük partiya sayıla bilər. İkinci, üçüncü böyük partiyanın olması mühüm əhəmiyyətə malikdir. Bu işi ziyalılar, idarəçilik və həyat təcrübəsi olan insanlar görməlidirlər. Təəssüf ki, onların bir hissəsi siyasi partiyaların əhəmiyyətini anlayıb “əlini daşın altına qoymaq” əvəzinə, “siyasi fətva” verməklə məşğul olurlar. Çoxpartiyalılıq milləti parçalamır və parçalaya da bilməz.
Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri
- Ölkənin əsas problemi siyasi partiyaların sayının 60-a çatması deyil. Demokratik seçkilər keçirilən zaman dərhal, təbii yolla siyasi təşkilatların sayı azalacaq. Belə ki, seçkidə uğur qazananlar gündəmdə qalacaq, seçkili orqanlarda təmsil olunacaq, dövlətdən maliyyə yardımı alacaq, uğur qazanmayanlar sıradan çıxacaq. Hər şey təbii yolla, qanun əsasında həyata keçirilməlidir. İnsanların həm də siyasi fəaliyyətlə məşğul olma, müəyyən siyasi təşkilatda birləşmə hüququ var. Demokratiya bunu tələb edir.
Mütəllim Rəhimli, Ədalət Partiyasının sədr müavini:
- Siyasi partiyalar ideologiyalar əsasında formalaşmalıdır. Bizdə partiyalar ideologiyalar əsasında deyil, liderlər ətrafında yaradılır. Vəziyyəti düzəltmək üçün kəmiyyətə deyil, keyfiyyətə düzəliş olunmasına çalışılmalıdır. Proses məhz keyfiyyətdən başlamalıdır. Bunun üçün siysi institutlaşmanı təbii axarına buraxmaq, onların dövlət idarəçiliyində fikirlərini dinləmək və ən əsası da proporsional seçki sistemini bərpa etmək lazımdır.
Əli Orucov, AMIP-in sədr müavini:
- Çoxpartiyalılıq sivil cəmiyyətərin təməl prinsipidir. Partiyaların çoxluğu təkcə keyfiyyət məsələsi deyil, həm də kəmiyyət məsələsidir. Burda rəqabət, şəffaflıq, ideoloji fəqrlilik var.
Çoxpartiyalılıq olan yerdə inkişaf var. Dayanıqlılıq və varislik var. Ona görə də dövlətin təhlükəsizliyi baxımından Azərbaycanda çoxpartiyalılıq sisteminin inkişafı lazımdır. Partiyalara son vaxtlar münasibət dəyişib. Qərargahla təmin olunublar, müəyyən təmaslar var. Bu o demək deyil ki, Azərbaycanda siyasi partiyalara stimulverici hərəkət var. Hökumət partiyalara maliyyə dəstəyi verməlidir, onun xarici sponsorlardan asılılığına imkan yaratmamalıdır. Elə imkan yaradılmalıdır ki, partiyalar özləri öz maddi-texniki bazalarını yaratsınlar. Türkiyədə bu sistem qurulub.