Danışmağa qorxan və ya SƏSİ ƏLİNDƏN ALINMIŞ KƏŞMİRLİLƏR - TƏHLİL

16:45 05.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Pakistan səfirliyində Kəşmirlə bağlı keçirilən tədbir məni bu yazını yazmağa məcbur elədi. Əslində Kəşmir çox önəmi mövzudur, bir millətin 70 ildən artıqdır davam edən mübarizəsi acı bağırsaq kimi uzanır və heç bağlanacaq çözüm qapısı da görünmür. Odur ki, bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, hətta beynəlxalq siyasətbazların yatmış vicdanını oyatmaq üçün daha genişmiqyaslı aksiyalara əl atmaq lazımdır. Amma necə, bunu kimlər etməlidir? Əlbəttə ki, kəşmirlilərdən başqa heç kim bu aksiyaları daha təsirli edə bilməz. Pakistan, hətta digər azadlıqsevər ölkələr onlara sadəcə dəstək verə bilərlər.

İndi bir məsələ var ki, kəşmirlilər bu mübarizəni dünyaya çatdırmağa, cəmiyyətləri öz davalarına, əsl həqiqətin azadlıq istəmələri olduğuna inandırmağa həvəslidirlərmi və ya etmək istəyirlərmi? Niyə dünyanın hər yerində məskunlaşmış kəşmirlilər özləri üçün əlamətdar və ya faciəvi bildikləri bir gündə, hansı ki, mən onların ilboyu aktiv olmalarını istərdim, dünyanın bəlli ölkələrində dinc aksiyalar təşkil etmirlər, yerli hökumətlərə, parlamentlərə yazılı sorğu ünvanlamırlar, yaşadıqları ölkələrin media nümayəndələri ilə bir araya gəlmirlər? Əgər bunu etmək istəmirlərsə, o zaman dünya ictimaiyyəti hardan bilsin ki, kəşmirlilər nə istəyir, ümumiyyətlə Kəşmir problem var, yoxsa yoxdur. Axı dünyada hamı savadlı deyil və savadlı olanların da məsələsi Kəşmir deyil…

Bu günlərdə əslən Kəşmirdən olan məşhur diplomat, dünyanın çox sayda ölkəsində Pakistanın səfiri olmuş, hazırda Pakistan Milli Müdafiə Universitetinin nəzdində Strateji Araşdırmalar, Tədqiqatlar və Analiz İnstitutunda (ISSRA) Qlobal Araşdırmalar üzrə direktor vəzifəsində çalışan səfir Arif Kamalla məhz Kəşmir mövzusunda söhbətləşdim. Qəribədir, bu qədər şöhrətli və açıqsözlü olan Kamaldan Kəşmirlə bağlı gizli müəmmalara cavab alacağımı düşündüyüm halda, bilmirəm, ya xarakteri beləydi, ya da danışmaq istəmədi deyə çox qısa və səthi fikirlər səsləndirdi. Belə dedi ki, Kəşmir məsələsi sərf insanların taleyi ilə bağlıdır, Bu gün Kəşmirdə yaşayan insanların sayı Səudiyyə Ərəbistanı istisna olmaqla, Körfəz ölkələrinin ümumi əhalisindən sayından çoxdur. Ona görə də hesab edir ki, Kəşmir problemi bir-biri ilə rəqabət aparan güclər - Hindistan və Pakistan arasında ərazi mübahisəsi kimi qəbul edilməməlidir. Daha sonra da dedi ki, tərəflərdən biri (Hindistan – V.T.) birtərəfli qaydada insanların mövcudluğuna, onların qərar vermək hüququna zidd addım ataraq, bu torpağın sahibi olduğunu bəyan edirsə, münaqişənin çözüm yolu görünə bilməz. Yəni gözlədiyimiz kimi, bütün günahlar Hindistanın üzərindədir. Əslində bu məlumdur, bəs çıxış yolu nədir? Diplomat qeyd etdi ki, həm Hindistan, həm də Pakistan əvvəlcə insanları əhatə edən mübahisənin mövcudluğunu tanımalı, onların öz talelərinə rəhbərlik etmək hüquqlarını təsdiqləməlidir. Yəni öz sözlərin deməli, qərarlarını özləri verməldiir.

Bu yerdə bir jurnalist olaraq məni düşündürən suallar var. Əvvəla, Pakistanla Hindistan vaxtaşırı heç bir nəticə vermədən danışıqlar aparıblar və anlaşılmazlıqlar, ziddiyyətlər onları bir neçə dəfə müharibəyə təhrik edib. Bu gün həqiqətən də Pakistan və Hindistanın mövcud rəhbərləri masa arxasında problemi danışmaq istəmirlərsə və istəsələr belə, danışmağa, deməyə yeni sözləri yoxdursa, o zaman çoxmilyonlu Kəşmir xalqı niyə susur? Bu gün öz haqlarını müdafiə eləmək üçün ilk sözü məhz kəşmirlilər deməlidir. Hansı xarici ölkədə yaşayan sadə kəşmirlilər heç olmaya bu vacib gündə icazəli, dinc aksiya keçirib, yerli camaatın fikrini-diqqətini öz mücadilələrinə cəlb ediblər? Əvvəllər heç olmaya Kəşmirin Hindistan tərəfdə qalan hissəsində insanlar dinc nümayiş filan keçirirdilər, polis də ya şiddət tətbiq edirdi onlara, ya da daha irəli gedərək açdığı atəşlə hansısa günahsız kəşmirlinin həyatına son qoyurdu. Əlbəttə, bir neçə kəşmirli öz ədalətləri uğrunda şəhid olurdu, əvəzində hadisəni, millətin istəyini dünyaya daha səs-küylü çatdırırdı. Hnası ki, bu gün deyəsən Hindistan Kəşmirində də o cür aksiyalar arxa plana keçib…

Kəşmirin bir hissəsi də Pakistanın nəzarətindədir. Orda hətta kəşmirlilərin özünüidarə statuslu bölgəsi də var – Azad Cammu və Kəşmir Respublikası. Açıb baxıram tanıdığım-bildiyim xarici mətbuat orqanlarına, heç birində Azad Cammu və Kəşmir Respublikasında insanların kütlə şəklində nümayiş keçirməsi barədə məlumat yoxdur. Hansı ki, olmalıydı və Pakistandakı diplomatik korpusun nümayəndələri, xarici mətbuatın təmsilçiləri də ora dəvət olunmalıydı ki, onillər boyu azadlıq uğrunda canından keçən xalqın ah-zarını görüb, tələblərini eşitsın.

Ötən ilin sentyabr ayında məhz Azad Cammu və Kəşmir Respublikasının prezidenti Sərdar Məsud Xanla eksklüziv müsahibə eləmişdim. Mən onunla müsahibədə də qeyd etmişdim ki, əsas söz sahibi kəşmirlilərdir, amma biz onları beynəlxalq səviyyədə eşitmirik. Düzdür, cənab Sərdar Məsud Xan dedi ki, yox, kəşmirlilər pakistanlılarla birlikdə Şimali Amerikadan Şərqi Asiyayadək, Yaxın Şərqdən Qərbi Avropayadək hər yerdə etiraz səsini ucaldır. Olsun, alqışlanmalıdır, bu gün yenə sözügedən region ölkələrində nümayiş filan oldumu, kəşmirlilər öz səslərini ucaldaraq yerli ictimaiyyətlərə problemlərini xatırlada bildilərmi? Təbii ki, yox. Çünki qapalı salonlarda 15-20 pakistanlının bir araya gəlib, özləri deyib, özləri eşitməsi heç nəyi həll eləmir…

Çox qəribədir ki, həm prezident Sərdar Məsud Xan, həm də Kəşmirin tanınmış siması olan Arif Kamal mənimlə söhbətdə qeyd etdi ki, üç ildir Kəşmir hər mənada mühasirədə, kəşmirlilər isə qorxu içindədir. Niyə, rəsmi Dehli onların muxtar hüquqlarını əlindən alıb və sair. Elədir, düzdür, amma bunu dünyada hər kəs bilir və biz də ilk gündən jurnalist olaraq öz oxucularımızla bölüşürük. Hindistan tərəfdə “qorxu altında qalmış kəşmirlilər” səslərini çıxara bilmirlərsə, hansı ki, daha çox onların mübarizəsi hiss olunur, o zaman Pakistanın nəzarətindəki azad kəşmirlilər niyə danışmır?

Yadıma düşmüşkən, kəşmirlilərin niyə beynəlxalq müstəvidə səslərinin gəlməməsi haqda sualıma cavab olaraq cənab Kamal dedi ki, sitat: Kəşmirin dünya ilə əlaqəsi təkmilləşdirilməli və məhdudlaşdırılan hər şeyə yenidən baxılmalıdır.

Bu arada, insafən, cənab Arif Kamal ümumilikdə fikrimlə razı olsa da, yenə də, məsləhət gördü ki, kəşmirlilərin beynəlxalq müstəvidə necə mübarizə apardıqlarını iqamətgahı Londonda yerləşən Kəşmir İnsan Haqları Komissiyasının rəhbəri Dr Nazir Gilani ilə danışım. Düzgün istiqamətdirmi, məncə yox, çünki cənab Gilani uzun müddət öncə etdiyim müraciətə indiyədək cavab verməyib. Hansı ki, onlar həqiqətən milli mübarizdirlərsə, dünyanın harasında olur-olsun, Kəşmir problemini işıqlandırmaq istəyən media nümayəndələrinə sevə-sevə cavab verməlidirlər. Təəssüf ki, bunu etmirlər.  

Qeyd edim həm prezident Sərdar Məsud Xan, həm də cənab Arif Kamal Azad Cammu və Kəşmirin yaxşı inkişaf etdiyini qeyd edirlər. Arif Kamal deyir ki, malik olduğu mineral ehtiyyatlarından istifadə etməklə Kəşmir Şimal-Cənab yolu üzərində azad ticarət zonasına çevrilə bilər. Prezident Sərdar Məsud Xan daha yüksək uğurlardan söz açır. Sitat: Azad Cammu və Kəşmirdə həyat standartları çox yüksəkdir. Adambaşına düşən gəlirin səviyyəsi yüksəkdir və Pakistanda ən yüksək savadlılıq dərəcəsi məhz bizim Azad Cammu və Kəşmir ərazisindədir. Bu gün Kəşmirdə yeni texnologiyalar da daxil olmaqla qabaqcıl fənlər üzrə ali təhsil verən beş dövlət universiteti fəaliyyət göstərir və sair.

Demək ki, kəşmirlilər düşündüyümüz kimi, basqı altında yaşasalar da, mübarizədə açar rol oynamağa qadir inkişaf etmiş cəmiyyətdir. Amma susurlar və şəxsən məndə belə təəssürat yaranır ki, onları susmağa məcbur edən qüvvə və ya qüvvələr onillər boyu qarşı-qarşıya dayanan Pakistan və Hindistandır. Fikrimi əsaslandırım: Hindistandakı kəşmirliləri təmsil edən partiyalardan birinin - Cammu və Kəşmir Xalq Demokratik Partiyasının (President of the Jammu & Kashmir Peoples Democratic Party) rəhbəri Məhbubə Müftidir. Tanınmış adamdır. Bildiyimə görə atası da kəşmirlilərin hüquqları uğrunda mübarizə aparıb. Mən şəxsən ona fərqli kanallar vasitəsilə dəfələrlə müraciət etdim, məqsəd və məramları ilə bağlı müsahibə almaq istədim, amma susdu və dolayısı yolla danışmaqdan imtina etdi. Onu da deyim ki, hind diplomatlar Məhbubə Müftinin Pakistandan qrant aldığını, Pakistana işlədiyini, Pakistan tərəfi isə əksinə, bu xanım siyasətçinin Hindistan hakimiyyəti tərəfindən ələ alındığını və kəşmirlilərin mübarizəsi ilə heç bir bağlılığının olmadığını bildirirlər.

Tutaq ki, xanım Müftini Hindistan qoymur danışmağa, axı eyni münasibəti Londonda oturan Nazir Gilanidən də gördüm. Yəni hər iki tərəfdəki özlərini hüquq müdafiəçiləri, nə bilim siyasi aktivistlər filan edən adamlar danışmaqdan çəkinirlər. Sanki hər iki ölkə bunlara tapşırıb ki, nə badə danışasınız!..

Kəşmirlilərin məncə əsas sözçüsü olmalı olan Azad Cammu və Kəşmir Respublikası kimi bir qurum niyə Pakistanla dost ölkələrdə öz mədəniyyət və ya ticarət nümayəndəliklərini açmır? Şimali Kipr Türk Respublikası dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda, lap elə Pakistanda nümayəndəliklə təmsil olunur. Hətta Pakistanda Şimali Kipr Türk Respublikasının nümayəndəsi səfir status daşıyır. Maraqlıdır, Azad Cammu və Kəşmir hansı ölkədə bu səviyyədə ofisə malikdir, heç birində. Hansı ki, Kipr problem Kiprlə yanaşı Yunanıstanı və bütün Avropa Birliyini ilgiləndirir, amma bunun qarşısında kiprli türklər bu qədər irəli gedə biliblər. Başqa bir misal çəkim. Şanlı 44 günlük Vətən müharibəsinədək Dağlıq Qarabağdakı qondarma rejim  Fransada, Avropanın digər ölkələrində nümayəndəliklər təmsil edirdi, separatçılar hətta getdikləri ölkələrin ən yüksək rütbəli hakimiyyət nümayəndələri ilə görüşürdülər. Elə isə kəşmirlilərin qarşısını kimlər kəsir bu istiqamətdə, niyə nümayəndəliklər təsis edilmir, niyə adicə mədəniyyət mərkəzləri yaradılmır və sair? Əksinə, çox qəribədir ki, iqtisadi baxımdan inkişaf etmiş kəşmirlilər haqda ancaq ya Dehli danışır, ya da İslamabad. Xaricdə isə bu məsələdə hər iki ölkənin səfirlikləri sözçü rolunu oynayır. Hindistan səfirlikləri hər zaman deyir ki, Kəşmir Hindistanın ərazisidir, orda haqq tələb edənlər araqarışdırandır, təxribatçıdır, terrorçudur və sair. Pakistan səfirlikləri isə əksinə, birmənalı şəkildə qeyd edirlər ki, müstəqillik atəşi ilə alışıb yanan Kəşmir sanki özü boyda həpsxanadır, insanlar qətlə yetirilir, zorakılıq baş alıb gedir. Üstəlik  Pakistan səfirlikləri hər il bəlli tarixdə, məsələn bu gün dörd-beş jurnalistin iştirakıyla Kəşmir faciəsi ilə bağlı tədbir keçirib, hər il səsləndirdikləri eyni məzmunda, eyni cümlələrlə məlumat verib işlərini bitmiş hesab ediblər. Orda iştirak etmiş jurnalistlər də təmsil etdikləri mətbuat orqanında balaca bir xəbər verirlər ki, səfir belə dedi, elə dedi, vəssalam. Bu cür təbliğ olmaz, səfirliklər də təbliğat meydanını genişləndirməli, forma və üslubda dəyişikliklər etməlidir. Səfirlik sadəcə səfirin tribunada şəkli ilə yayımlanan əl boyda “tədbir keçirildi” xəbərinin yayımlanmasına deyil, bu gün və hətta ilboyu Kəşmir davası ilə bağlı çox geniş və əhatəli araşdırmaların, tarixi-siyasi təhlillərin mütəmadi yerli ictimaiyyətə çatdırılmasına nail olmalıdır. Təəssüf ki, bunu etmirlər və hətta bəzən bunu edəcək insanları müəyyən yollarla bu işdən soyudurlar. Ziyan isə yenə səsi əllərindən alınmış məzlum kəşmirlilərə dəyir…   

Oxunma sayı 1177
Siyasət rubrikasından digər xəbərlər