Deputat Avropa Parlamentindən cavab tələb etdi

13:09 19.12.2025
Yazını böyüt
Yazını kiçilt

“Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb. Burada bir məqsəd var, o da Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə mane olmaqdır. Görünür, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada artan nüfuzu onları ciddi narahat edir. Münaqişənin tənzimlənməsinə heç bir real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

C.Məmmədov qeyd edib ki, Azərbaycana qarşı bu qərəz və ədalətsizlik bir müddət bundan əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə də özünü büruzə verdi. Onun sözlərinə görə, bu sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb:

“Ermənistanda bu qədər həbslər həyata keçirilir. Əvvəlki hakimiyyətdə təmsil olunan bir çox siyasi xadimlərə qarşı həbslər və təqiblər həyata keçirilib, niyə bunu pisləyən bir bəyanat yoxdur? Bu gün Ermənistanda din xadimlərinə qarşı ciddi repressiya var, nə qədər din xadimi həbs olunub. Niyə buna heç bir reaksiya yoxdur? Onlar siyasi baxışlarına görə təqib olunurlar, lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində, Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanın insan haqları ilə bağlı dinləmələr təşkil edir. 1 milyon azərbaycanlının evi, tarixi abidələrimiz Ermənistan tərəfindən dağıldıqda harada idi? Niyə bir dəfə də olsun dağıdılan 67 məscidlə bağlı bir bəyanat qəbul etmədi? Ötən əsrin 80–ci illərində öz doğma yurdlarından deportasiya olunan azərbaycanlıların hüquqlarını müdafiə etmirlər. Bu gün Avropa ölkələrində islamofob meyillər sürətlə artır, buna niyə reaksiya yoxdur, niyə bunun qarşısı alınmır. Bütün bu suallarıma Avropa Parlamentindən cavab tələb edirəm".

Tahirə Qafarlı